MSK: Ən az şikayət prezident seçkilərində olur

“Şikayətlər həm seçicilər, həm də namizədlər tərəfindən olur”.

Bunu seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, şikayətlər hər zaman ciddi əsaslara söykənmir:

“Bəzən vətəndaşlar emosional olaraq şikayətlər edirlər. Bəzən isə şikayətlər siyasi motivlər əsasında olur, biz buna da şahid olmuşuq. Bütün hallarda şikayətləri araşdırıb ədaləti əks etdirən nəticəyə gəlmək məqsədimiz olur. Bu məsələdə tam sakit, emosiyaya qapılmadan, qanunvericiliyin tələblərini əsas götürməklə, daxil olan şikayətlərə baxmaq bizim əsas qayəmizdir. 2006-cı ildən bəri MSK-ya daxil olan şikayətlərə baxılması ilə bağlı beynəlxalq təşkilatlarla birgə sənəd hazırlanıb. Sənədin dolğun olması işin bir tərəfidir. Seçki hüququ ilə bağlı istər DSK-lara, istər məntəqə seçki komissiyalarına müraciət edən vətəndaşlar bizdən narazı qalmamalıdır”.

O bildirib ki, DSK-larda qərarlar kifayət qədər əsaslı qəbul olunmalıdır:

“Çünki bu belə olmadıqda biz o qərarı ləğv edə bilirik. Məhkəmələrə də bu qərarlar gedə bilər. Məhkəmələr də qərarları ləğv edə bilər. Bu belə olanda biz hardasa səhvə yol vermiş oluruq. Şikayətlərə baxarkən sadəlövhlüyə, tələskənliyə yer yoxdur. Ən az şikayət prezident seçkilərində olur. Bu baxımdan iş yükünüzün az olduğu seçki Prezident seçkiləridir".