Natiq Cəfərli: “Əks halda partiya başqa şəxsin namizədliyini irəli sürməyəcək”

“Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq”


“İstənilən halda bəzi partiyalar kimi boykot çağırışımız olmayacaq. Siyasi partiyaların prezident seçkilərini boykot etməsi məntiqsiz bir haldır”




  Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 15-ə çatıb. 
MSK dekabrın 21-də namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.
  Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq. 
Adətən prezident seçkilərində siyasətçilər öz  namizədliyini irəli sürür. Amma budəfəki seçkilərdə iştirak  etmək istəyən namizədlər arasında iqtisadçı-ekspertlərin də adına rast gəlirik. Həmin şəxslərdən biri də prezident seçkilərinə namizədliyini öz təşəbbüsü ilə irəli sürən iqtisad elmləri doktoru, sabiq maliyyə naziri Fikrət Yusifovdur. Onun fikrincə, prezident seçkilərinə qatılmaq bir insanın həyatında çox önəmli hadisədir.
  F.Yusifov axar.az-a açıqlamasında əsas rəqibinin (İlham Əliyev - red.) çox güclü olduğunu da vurğulayıb: “Seçkiyə qatılmaq qərarı verən hər bir kəs anlamalıdır ki, bu, sıradan bir seçki deyil, bir dövlətin başında dayanmaq uğrunda yarışa qatılmaqdır. Bu səbəbdən seçkinin məsuliyyəti yetərincə böyükdür.
  Azərbaycan xalqına Qarabağ zəfəri qazandırmış İlham Əliyevin qarşısında şansımın böyük olacağını düşünmürəm. Ancaq buna baxmayaraq, bu seçkidə iştiraka üstünlük verirəm. Bu platformadan edəcəyim çıxışlarla ölkə iqtisadiyyatına və onun maliyyə sektoruna daha çox töhfə verə biləcəyimi düşünürəm”.
  İqtisadçı-alim prezident seçkisi zamanı təqdim edəcəyi proqramından da bəhs edib: "Mən ölkə iqtisadiyyatının və onun maliyyə sektorunun bütün problemlərini, onların həlli yollarını bilirəm. Seçkiyə getməkdə də əsas məqsədim bu seçki platformasından istifadə edib, ölkə iqtisadiyyatının sürətli inkişafını təmin edə biləcək iqtisadi islahatlar proqramımı cəmiyyətə təqdim etməkdir”.

  Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, qanunvericilikdə buna bir qadağa yoxdur. İstənilən şəxs öz təşəbbüsü ilə prezident seçkilərində iştirak etmək üçün öz namizədliyini irəli sürə bilər: 
“Amma onların namizədliyinin qeydə alınıb-alınmayacağı sual altındadır. Proses çox çətindir. Bunun üçün 40 min artıq imza toplamaq lazımdır və bu imzalar 60 seçki dairəsini əhatə etməlidir. Amma ümumi yanaşsaq, müxtəlif sahələr üzrə ixtisaslaşan ekspertlərin seçkilərdə namizəd olaraq iştirak etmək istəyi təqdirəlayiqdir. Hesab edirəm ki, seçki prosesindən istifadə edərək iqtisadi problemlərin həlli yolları ilə bağlı diskussiyalar da açmaq olar. Azərbaycan dövləti ən böyük problemini, Qarabağ münaqişəsini həll edib, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub. Bu, çox böyük bir nailiyyətdir. Hökumətin qarşısında duran ən böyük vəzifə iqtisadi yüksəliş və rifah dövlətinin qurulmasıdır. Bu problemin həlli üçün də iqtisadçıların fikirləri, təklifləri əhəmiyyətlidir. Ümid edirəm ki, seçki prosesində əsas müzakirə mövzusu məhz iqtisadi problemlərin həlli yolları olacaq”.

  Seçkilərdə iştirakın müxtəlif formaları olduğunu xatırladan N.Cəfərli deyib ki, Real Partiyası Prezident seçkilərindən kənarda qalmayacaq. Onun sözlərinə görə, REAL-ın Gənclər Təşkilatı müşahidəçi institutunun  formalaşdırılması üçün seçki prosesindən istifadə edəcək: 
“Çünki prezident seçkisindən bir neçə ay sonra parlament seçkilərinin keçiriləcəyi istisna deyil. Parlament seçkilərinə hazırlıq çərçivəsində isə bizim  yüzlərlə müşahidəçiyə ehtiyacımız olacaq. Partiya olaraq ilkin qərarımız odur ki, müşahidəçilik institutunun genişləndirilməsi, müşahidəçilərin təcrübə toplaması, protokolların yazılması, məntəqələrin tanınması kimi sahələrdə təcrübə əldə edilsin. Hətta müşahidəçi statusunda iştirak edəcək gəncləri artıq Mərkəzi Seçki Komitəsində qeydiyyatdan keçiririk. 
Bundan əlavə partiya üzvlərinə çağırışımız da olacaq ki,  REAL üzvləri seçkilərdən kənarda qalmasın. Hər kəs seçki prosesində aktiv iştirak edib istədiyi namizədə səs versin. 
  REAL-ın öz namizədinin olub-olmayacağı sualına gəldikdə isə N.Cəfərli bu məsələnin müzakirəsinin hələ ki açıq qaldığını deyib: “REAL-ın İdarə Heyətində 8 üzv var. Onların 3-ü seçkilərdə öz namizədimizlə iştirakın əleyhinə, üç nəfər lehinə, 2 nəfər isə bitərəf qalmışdı. Həftənin sonuna yaxın İdarə heyəti təkrar toplaşıb bu mövzunu müzakirə edəcək. Prezident seçkilərinə REAL Partiyasının öz namizədi ilə iştirakının müsbət və mənfi tərəfləri ilə bağlı bütün nüansları müzakirə etdikdən sonra, Yeni il ərəfəsində ictimaiyyətə məlumat veriləcək. Lakin istənilən halda bəzi partiyalar kimi boykot çağırışımız olmayacaq. Siyasi partiyaların prezident seçkilərini boykot etməsi məntiqsiz bir haldır. Bazanın təkmilləşdirilməsi, təcrübə nöqteyi-nəzərindən hər bir partiyanın seçkilərdə bu və ya digər formada aktivlik göstərməsi mühüm şərtdir". 
  Qeyd edək ki, N.Cəfərli prezidentliyə namizəd olaraq özünün iştirakının müzakirə predmeti olmadığını deyib. Onun sözlərinə görə, REAL Partiyası prezident seçkilərində namizəd olaraq, sadəcə, İlqar Məmmədovun iştirakını müzakirə edir: “Əgər öz namizədimiz olacaqsa, İlqar müəllim olacaq. Əks halda partiya başqa şəxsin namizədliyini irəli sürməyəcək”.