Pentaqon açıqladı: ABŞ-dən Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım göndəriləcəyini açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynaya 61 milyard dollarlıq müdafiə yardımı da daxil olmaqla paketi yeni ildən əvvəl Konqresdən keçirə bilməyən ABŞ rəhbərliyi Ukraynaya yeni hərbi yardım göndərəcəyini açıqlayıb.

Pentaqondan verilən yazılı açıqlamada, 250 milyon dollarlıq hərbi yardım paketinə yer-hava raket sistemləri, Stinger raketləri, artilleriya sursatları, tank əleyhinə silahlar və Ukrayna ordusunun ehtiyac duyduğu digər silahların olduğu bildirilib.

Co Bayden administrasiyasının Senatda respublikaçılar tərəfindən bloklanan Ukraynaya 61 milyard dollarlıq əlavə dəstəyin daxil olduğu paketin keçməsi üçün yeni ildə işini davam etdirəcəyi gözlənilir.

Senatdakı respublikaçılar dekabrın son günlərində gündəmə gətirilən qanun layihəsini ABŞ-nin cənub sərhədlərinin təhlükəsizliyini artırmaq üçün əlavə tədbirləri ehtiva etmədiyi səbəbilə dəstəkləməyib.