Ceyhun Bayramov: Münasibətlərin axarına qayıtması üçün ABŞ-ın addımlar atacağına ümid edirik

“İndiki mərhələdə Azərbaycan və ABŞ arasında münasibətlərin gərgin olduğunu demək olmaz, hesab edirəm ki, fərqli terminologiyadan istifadə etmək olar. Oktyabrda bu gərginlik var idi, səbəbi də aydındır”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində deyib.
Nazir Konqresdə Azərbaycana qarşı səsləndirilən fikirlərdən sonra adekvat cavab verildiyini, bundan sonra müsbət dəyişikliyi gördüklərini bildirib.

“Dövlət katibi Blinken və Azərbaycan Prezidenti arasında telefon danışığı baş tutdu, Konqresdə Azərbaycana qarşı fikrilər səsləndirən cənab O'Braynın ölkəmizə səfərini gördük, daha sonra onun müsbət mesajlarını qeydə aldıq. Biz ABŞ-la münasibətlərin hər zaman inkişafında maraqlı olmuşuq. ABŞ bizim üçün vacib tərəfdaşdır və biz enerji təhlükəsizliyi, nəqliyyat məsələləri, qlobal cinayətkarlıqla və terrorla mübarizə istiqamətlərində çoxsaylı layihələr həyata keçirmişik”, - deyə nazir diqqətə çatdırıb.

O, Azərbaycanın hər zaman ABŞ üçün etibarlı tərəfdaş olduğunu xatırladıb: "Biz bu münasibətlərin inkişafında maraqlıyıq. ABŞ Azərbaycan və Azərbaycan ABŞ üçün vacib tərəfdaşlardır. Artıq ilkin müsbət mesajlar verilib və bunun davamı olaraq münasibətlərin normal axarına qayıtması üçün gələn ildə ilk olaraq ABŞ tərəfindən addımların atılmasına şahid olacağımıza ümid edirik”.