Elçin Əmirbəyov: Fransa ilə münasibətlərdə pisləşmənin səbəbi onun ermənipərəst mövqeyidir

Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi Azərbaycanla münasibətlərdə müşahidə olunan pisləşmənin səbəbidir.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.
Əmirbəyovun sözlərinə görə, uzun müddətdir Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar isə hərbi dəstək verən Fransa öz təxribatları ilə Azərbaycanla Ermənistan arasında mümkün sülhün əldə olunması perspektivlərini sarsıtmağa çalışır:

“Açıq-aşkar anti-Azərbaycan təşəbbüslərini təşviq etmək üçün BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalardan istifadə etmək cəhdləri Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan reputasiyasını tamamilə sarsıdıb.

Bununla yanaşı, Fransaya aparıcı rollardan birinin həvalə edildiyi Avropa İttifaqına Bakının etibar göstərməsinə ciddi ziyan vurub”, - Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vurğulayıb.

Elçin Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarük etməsi Cənubi Qafqazda stabilliyi və təhlükəsizliyi pozur.

“Parisin İrəvana ölümcül silahlar tədarük etməsi Cənubi Qafqazda stabilliyi və təhlükəsizliyi pozur, regionu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması perspektivlərini süni surətdə ləngidir.

Görünən odur ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və ətraf rayonların 30 illik qanunsuz erməni işğalına son qoyan Azərbaycanın qələbəsini həzm edə bilmir”, - Elçin Əmirbəyov əlavə edib.