Gözükölgəli ölkə...

Fransa Azərbaycana hətta Ermənistandan daha çox qıcıqlanır

Makron və siyasi rejim erməni lobbisi və diaspor təşkilatının əsirinə çevrilib

  “Fransa Makronun bu rəzalətini dayandırmalı və Azərbaycan xalqından üzr istəməlidir. Makron hakimiyyəti dövründə Azərbaycan xalqına qarşı bu qədər haqzıslıq, ədalətsizlik, utancverici qərarlar və addımlara yol verilib.
  Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Azay Quliyev Fransa casus şəbəkəsinin ifşası və Fransa səfirliyinin iki diplomatının ölkədən çıxarılması haqda danışarkən deyib.“Fransa bununla da birdəfəlik körpüləri yandırmış oldu. Fransanın etdikləri cavabsız qalmayıb və qalmayacaq. Azərbaycan Fransaya bununla bağlı sərt xəbərdarlıq edib, parlamentlərarası əlaqələr dayandırılıb. Fransa ilə əksər məsələlər dondurulmuş vəziyyətdədir. Hadisələr bu istiqamətdə davam edərsə, daha sərt, hətta səfirlərin məsləhətləşmək üçün geri çağırılması dərəcəsində addımların atılması istisna olunmur”, - Azay Quliyev bildirib.
  Qeyd edək ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.
Buna cavab olaraq da Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşı Bakının fransalı diplomatlara qarşı oxşar hərəkətinə cavab olaraq arzuolunmaz şəxs elan edilib.
  Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Sherg.az"a açıqlamasında Fransa ilə Azərbaycan münasibətləri arasındakı gərginliyin uzun müddətdir davam etdiyini vurğulayıb. Politoloq deyib ki, xüsusən də, ikinci Qarabağ müharibəsində Azərbaycan Ermənistan üzərində qələbə çaldıqdan, Cənubi Qafqazda siyasi və tarixi ədaləti bərpa etdikdən sonra Fransa özünün ciddi narahatlığını büruzə verir: 

“Hətta bəzi məqamlarda Ermənistandan daha çox qıcıqlanır. İkinci Qarabağ müharibəsindən sonra biz Fransanın açıq müstəvidə Azərbaycanın formalaşdırdığı yeni reallıqları qəbul edə bilmədiyini görürük.
  Bizim də buna adekvat cavablarımız təbiidir. Faktiki olaraq Fransa 44 günlük müharibədən sonra müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı qətnamələrin qəbul edilməsi, dezinformasiyaların yayılması, ölkəmizə qarşı əsassız iddiaların irəli sürülməsinin şahidi olmuşuq”.
  X.Bəşirovun sözlərinə görə, münasibətlərin bu həddə gərginləşməsi bizdən yox, məhz Fransadan qaynaqlanır: “44 günlük müharibəyə qədərki 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın keçmiş münaqişənin həlli üçün vasitəçilik mandatını tanımışdıq. Fransa isə Azərbaycanın etibarından sui-istifadə edib. Belə çıxır ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin 30 il ərzində həll edilməməsi, əksinə, dərinləşməsinin ən əsas səbəbkarlarından biri məhz Fransa olub. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə neçə illik erməni işğalına son qoyaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam şəkildə bərpa edib. Ermənistanın siyasi rəhbərliyinin belə Azərbaycanla Sülh sazişi imzalamağa hazır olduqlarını dilə gətirdikləri bir məqamda Fransanın ölkəmizə qarşı bu cür düşmənçilik siyasəti yeritməsinə anlam vermək olmur. Sanki biz Ermənistanı yox, elə Fransanın özünü kapitulyasiyaya uğratmışıq”.
  Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə Fransanın açıq- aşkar maneçilik etdiyini vurğulayan politoloq Azərbaycana qarşı fobiyadan əziyyət çəkdiklərini qeyd edib: “Fransanın bir sıra dövlətlər kimi Azərbaycanda da casus şəbəkəsi saxladığı aşkar olunub. Əlbəttə ki, buna reaksiya verilməli idi. “1961-ci il diplomatik əlaqələr haqqında Vyana konvensiya"sının tələblərinin kobud şəkildə pozulmasının cavabı məhz belə olmalı idi. Azərbaycana qarşı diplomatik etik qaydaları pozan Fransanın diplomatik korpusuna aid 2 əməkdaşın cəzalandırılması beynəlxalq hüquqa əsaslanır. Əgər biz bu addımı ümumilikdə Fransanın diplomatik korpusuna qarşı etsəydik, o zaman hansısa qərəzdən söhbət gedə bilərdi. Məhz həmin prosesdə iştirak edən şəxslərin “persona-non-qrata” elan edilməsinə səbəb də məhz Fransanın yeritdiyi siyasət və Azərbayacana qarşı düşmənçilik siyasətidir. Həmin şəxslər özbaşına fəaliyyət göstərmir ki? Fransa Azərbaycanın digər dövlətlərə, o cümlədən Fransaya göstərdiyi adekvat münasibətdən nəticə çıxarmadığına görə, bu proses bu şəkildə davam edir. Əslində, bu, bizdən daha çox fransız xalqının, Fransa dövlətinin özünün maraqlarına ziddir. Sadəcə, indiki Emmanuel Makron rejimi bu siyasəti davam etdirir. Çünki onların bu siyasəti davam etdirməsi üçün müəyyən öhdəlikləri var. İndi müəyyən mənada pafoslu səslənə bilər, amma hər bir halda Fransanın hazırkı prezidenti erməni diasporu və lobbi təşkilatlarının təsiri altında olan siyasətçilərdən biridir.
Uşaq oyunundakı kimi qisas güdən Fransanın da cavab olaraq Azərbaycanın Parisdəki səfirliyinin iki əməkdaşını “persona-non-qrata” elan etməsi də onların məqsədyönlü şəkildə anti-Azərbaycan siyasəti yeritdiyini göstərir”.
  Deputatın təklifinə gəldikdə isə X.Bəşirov hələlik iki dövlət arasındakı gərginliyin diplomatik münasibətlərin həlli səviyyəsinə çatmadığını deyib: “Münasibətlər o həddə gəlməmiş gərginliyi azaltmaq lazımdır. Hər bir halda bizim əsas məqsədimiz və niyyətimiz ondan ibarətdir ki, beynəlxalq səviyyədə olan münasibətlərdə bütün dövlətlərlə, beynəlxalq hüquqi subyektlərlə, o cümlədən Fransa ilə bərabər əməkdaşlıq və bərabərhüquqlu münasibətlər quraq.
  Fransanın bu addımları eyni şəkildə davam edəcəksə, anti-Azərbaycan mövqeyini yenə də bütün platformalarda nümayiş etdirəcəksə, Azərbaycanın da onlara adekvat cavab addımları olacaq. Bu da münasibətləri hansı mənsəbə aparacaqsa, təbii ki, hadisələrin gedişatından asılı olacaq. Görünən odur ki, Fransadakı siyasi rejim erməni lobbisi və diaspor təşkilatının əsirinə çevrilib. Makron da bu addımları məhz onların təsiri altında həyata keçirir”.