Ravvin: “ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı qərarlarının arxasında erməni lobbisi dayanır”

ABŞ Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışır.
Bunu "Report"a açıqlamasında Bakı Yəhudi Məktəbinin direktoru, Azərbaycan-Gürcü Yəhudi İcmasının sədri ravvin Zamir İsayev deyib.
O qeyd edib ki, Vaşinqtondakı yəhudi lobbisi Azərbaycanda tolerantlığın hansı səviyyədə olduğunu yaxşı bilir. Onun sözlərinə görə, Azərbaycan və ABŞ yəhudi icmaları Dövlət Departamentinin rəsmi Bakını dini etiqad azadlığının ciddi şəkildə pozulmasına və ya buna dözümlülüyünə görə özünün “xüsusi izləmə siyahısı”na daxil etmək qərarı ilə bağlı Ağ Evə narazılıqlarını çatdırmağa çalışırlar: “Bu, ölkəmizi güclü görmək istəməyən, Azərbaycanın suverenliyinin bərpasını həzm edə bilməyən qüvvələrin təsirinin nəticəsidir”.

Onun sözlərinə görə, bu hadisələrin arxasında erməni lobbisi dayanır: “Aydındır ki, söhbət ABŞ-dəki erməni lobbisindən gedir, mən bunu açıq deyirəm. Çox təəssüf edirəm ki, erməni siyasətçiləri daxil olmaqla, lobbiçilərin təsirinə düşən siyasətçilər var”.

Z.İsayev ədalətin bərpasına ümid etdiyini bildirib: “Biz ruhdan düşmürük, həqiqətin harada olduğunu bilirik. Mən bir dindar, bir ravvin kimi əminəm ki, ədalət qalib gələcək, sadəcə vaxt lazımdır”.

“Biz də öz növbəmizdə Azərbaycanın yəhudi icması olaraq hər zaman Vətənimizi bütün məsələlərdə dəstəkləmişik və dəstəkləyəcəyik. Buraya beynəlxalq münasibətlər, Azərbaycanın maraqlarının lobbiçiliyi daxildir. Biz hər zaman hazırıq və buna davam edəcəyik”, - o bildirib.