Azad edilmiş torpaqlardan Zahid Oruca tarixi dəstək - Bütöv Azərbaycanda bir ilk yaşanır

7 fevralda keçiriləcək prezident seçkiləri bir çox tarixi ilklərlə fərqlənir.

Müstəqil Azərbaycan dövlətçiliyinin tarixində ilk dəfə prezident seçkiləri tam formada suveren   ölkəmizin bütün ərazisində keçiriləcək.  Azad edilmiş torpaqların əsil sahibləri öz doğma yurdlarında- Xankəndində, Kəlbəcərdə, Şuşada, Qubadlıda, Laçında, Ağdamda, Füzulidə - bütün Qarabağda konstitusion hüquqlarından ilk dəfə istifadə edəcəklər.

Keçmiş məcburi köçkünlər ilk dəfə olaraq, yeni statusda azad torpaqlarda qalib ölkənin-Qalib Azərbaycanın prezidentini seçəcək.

Otuz il boyunca, hətta Ermənistanın belə tanımadığı qondarma seçki şouları keçirilən ərazilərdə ilk dəfə beynəlxalq hüquqla qəbul edilən, legitim, qanuni seçkilər baş tutacaq.  Artıq tarixi torpaqlarımızda 9 seçki dairəsi üzrə  26 seçki məntəqəsi yaradılıb və  3 minə yaxın seçici səs verəcək.

Seçkilərlə bağlı daha bir ilk - prezidentliyə namizədlərin imzatoplama kampaniyasında Böyük Qayıdışı reallaşan qarabağlıların da iştirak etməsidir. Prezidentliyə namizəd Zahid Oruca öz imzası ilə dəstək verənlər arasında Qarabağın azad edilmiş 3 rayonunda məskunlaşan sakinləri də var.

Bu barədə Sherg.az-a Zahid Orucun seçki qərargahından məlumat verilib.

Bildirilib ki, onlar  Kəlbəcər, Füzuli və Ağdam sakinləridir.

Prezidentliyə namizəd Zahid Oruc ona imzaları ilə dəstək verən hər bir sakinə təşəkkürünü bildirib. O, seçki hüquqlarını, imza qərarlarını nəhayət, ilk dəfə azad torpaqlarda gerçəkləşdirməsi münasibəti ilə onları təbrik edib. Azad edilmiş torpaqlara qayıdan və qayıdacaq bütün keçmiş məcburi köçkünləri, xalqımızı 7 fevral tarixində keçiriləcək seçkilərdə fəallığı ilə ümumxalq həmrəyliyinin, birliyinin və səfərbərliyinin önündə yer alacağına əmin olduğunu bildirib.

Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 6-da Zahid Orucun prezidentliyə namizədliyi rəsmən qeydə alınıb.