Paşinyan tezliklə sülh sazişini imzalayacaq - ŞƏRH

Erməni tərəfi Azərbaycan dövlət başçısının mesajlarının mahiyyətini anlayıb

“Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır"

  "Azərbaycanla düşmənçilik münasibətlərini tədricən yumşaltmağa və yeni birgəyaşayış normaları əsasında yaşamağa yönəlməli olan ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirəm". Bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Ovik Ağazaryan deyib. Ağazaryan Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında tutduqları mövqelərdən bir addım da geri çəkilməyəcəkləri barədə bəyanatına da toxunub: “Hazırda bu, o qədər də qorxulu məsələ deyil. Çünki qalan bütün məsələlərdə razılığa gəlsək, onda bu problem sərhədin demarkasiyası prosesinin bir hissəsi kimi tənzimlənə bilər. Qoşunların “güzgü prinsipi” ilə çıxarılması özlüyündə məqsəd deyil, bu, iki ölkə arasında sülhün bərqərar olmasına yönəlmiş addımdır”.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Prezident İlham Əliyevin geniş müsahibəsi Ermənistanda da geniş müzakirə edilir. Analitik vurğulayıb ki, erməni tərəfi Azərbaycan dövlət başçısının mesajlarının mahiyyətini anlamağa çalışır:

"Ermənistanın radikal müxalifəti ilə hər şey aydındır. Onlar Azərbaycanla sülhü məğlubiyyətin rəsmiləşdirilməsi kimi qiymətləndirir. Həmçinin taqətdən düşən erməni cəmiyyətini hədəfləri özləri üçün də təhlükəli olan “mübarizəyə” səsləyirlər. Radikallardan fərqli olaraq Ermənistanın hakim partiyasının üzvləri, o cümlədən deputatları ölkə başçısı İlham Əliyevin vasitəçilər olmadan birbaşa danışıqların davamı təklifinə müsbət yanaşıblar. Halbuki Ermənistanın hakim partiyasının üzvləri və elə Baş nazir Nikol Paşinyanın özü təminatçı dövlətlərin vacibliyindən danışırdılar. Onlar eyni zamanda vasitəçilərlə bağlı gərəksiz inadkarlğın gecikməyə səbəb olacağını da anlamağa başlayıblar. Deməli, Paşinyan və onun komandası sülh sazişinin imzalanması naminə dövlət başçısı İlham Əliyevin “təminatçılara ehtiyac yoxdur” tezisini qəbul edə bilər. Prezidentin ritorikasından anlayıblar ki, sülh sazişinin imzalanmasını gecikdirmək olmaz, Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır".