İki dövlətin və liderlərin qardaşlığı dosta inam, ümid verməkdə, düşmənlərə isə qorxu hissi yaşatmaqdadır
Azərbaycan-Türkiyə qardaşlığı, strateji tərəfdaşlığı dünya üçün nadir nümunəyə çevrilib. Sarsılmaz birliyə, tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə ən yüksək müstəvidədir və daim yüksələn xətlə inkişaf etməkdədir. Xalqlarımızın eyni soy-kökə, dilə, dinə, mədəniyyətə malik olduğu üçün iki ölkə hər zaman bir-birinin sevincini, kədərini paylaşıb. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyib. 30 il əvvəl Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə 44 günlük müharibədə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun lideri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin dövlət strukturları, bütün xalqı Azərbaycanın Qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdi. Bütün dünya Azərbaycan-Türkiyə qardaşlığının bir daha şahidi oldu. Qardaş Türkiyə bu gün də hər şəraitdə Azərbaycanın yanında olduğunu vurğulamaqdadır. Şübhəsiz, iki ölkənin birgə addımlamasında Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq və qardaşlıq münasibətləri də xüsusi rol oynayır. Hər iki ölkənin rəhbəri müxtəlif beynəlxalq tədbirlərdə daim bir-birinin haqlı mövqeyini birmənalı müdafiə edirlər. Yəni Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bu məqam ötən gün Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha gündəmə gətirildi. Dövlət başçısı ona ünvanlanan "kritik məqamda ilk kimə telefon edərsiniz" sualına cavab olaraq bildirdi ki, prinsipcə, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısına telefonla zəng edir. Ölkə başçısı qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı insanlardan birincisi Türkiyə lideri olub: "Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram".
İki ölkənin qardaşlığını və liderlərin dostluq münasibətlərini "Sherg.az"a şərh edən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz deyib ki, hər bir insanın ən yaxşı, yaxud ən pis günündə dərhal üz tutduğu, ilk zəng etdiyi, sevincini-kədərini bölüşdüyü, dərdləşdiyi şəxs onun ailəsindən biridir. General bildirib ki, Türkiyə və Azərbaycan eyni ailəyə mənsub bir millətin övladıdır:
"Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Türkiyə dövləti, xalqı və hörmətli R.T.Ərdoğanla bağlı söylədiyi ifadələr də bir ailə fərdlərinin ən təbii yanaşmasıdır. Türkiyə və Azərbaycan münasibətləri tarixin ən üst nöqtəsindədir. Tərəflər arasında münsibətlərin ən üst səviyyədə olması 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilmişdi. Bu gün Türkiyə Prezidenti R.T.Ərdoğana da eyni sualı versələr, əmin olun, cənab Ərdoğan da eyni cavabı verəcək. Bu, gözlənilən, arzulanan və 300 milyonluq Türk dünyasının da ümidi olan bir yanaşmadır. Bir daha bəyan edirəm, münasibətlərin ən üst səviyyəyə qaldırılmasında Azərbaycan və Türkiyə liderlərinin müstəsna xidmətləri danılmazdır. İki dövlətin və liderlərin qardaşlığı dosta inam, ümid verməkdə, düşmənlərə isə qorxu hissi yaşatmaqdadır. Azərbaycanın hər sahədə güclənməsi və Türkiyə ilə qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasından qürur duyuruq".