“Azərbaycan 44 günlük müharibədən sonra bərpa etdiyi sərhəd xəttindən geri çəkilməyəcək”
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyanın sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı mütəmadi gündəmə gətirdiyi 1970-ci ilin xəritələrdən də danışdı. Dövlət başçısı vurğuladı ki, Bakı sərhədin delimitasiyası üçün bu cür təklifləri rədd edir. Ölkə başçısı bildirdi ki, sözügedən xəritələrdən istifadə olunması Ermənistana sərf edir: “Onlar məhz buna görə 1970-ci illərin xəritələrini əsas götürmək istəyirdilər. Mən sual verəndə ki, yaxşı, niyə 1970-ci illər? ...XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini, əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni “Ermənistan plyus” qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik”. Prezident işğal altında qalan kəndlər barədə də fikrini bəyan edib. Dövlət başçısı hazırda işğal altında qalan 8 kənd məsələsinin daim gündəlikdə olduğunu bildirib: “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı bu məsələni qaldırmışdım və eyni zamanda delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Ermənistanın “güzgü prinsipi” təklifini və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyini rədd edən Azərbaycan Prezidenti sərhədin delimitasiyası ilə bağlı üç variant irəli sürür. Ekspertin sözlərinə görə, bunun birincisi, siyasi metodologiyaya əsaslanır:
"Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını aktuallaşdırır. Dövlət başçısı İlham Əliyev bu variantda AXC və sovetləşmə dövrünün xəritələrini irəli sürür. İkincisi, xronologiyaya əsaslanır. Bura SSRİ-nin qurulmasından sonrakı xəritələr daxildir və delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar mövcuddur. 1926-cı ildən 1929-cu ilə qədər Qazax qəzasının 82 min hektara qədər əkin, 86 min hektara qədər otlaq sahəsi Ermənistana verilib, bununla Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirib. 1929-cu ildə Qazaxın sahəsi 4 min hektardan çox olan Şınıx-Ayrım meşələri ermənilərə “bağışlanıb”. Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirilib. 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə birləşdirilib. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin Kilit kəndinin əkin və otlaq sahələri daxildir. 1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirilib və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradılıb. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə “bağışlanıb”. 1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirilib. Azərbaycan SSRİ-nin ilk xəritələrini gündəmə gətirməklə qanunsuz olaraq, ermənilərə “bağışlanan” əraziləri tələb edir".
Analitikin qənaətincə, üçüncü variant odur ki, xəritə məsələsi gündəmdən çıxarılır: "Prezident İlham Əliyev bildirdi ki, ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər. Lakin buna qədər delimitasiya aparılmalı – sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan 44 günlük müharibədən sonra bərpa etdiyi sərhəd xəttindən geri çəkilməyəcək".