Paşinyan əlavə şərtlərlə çıxış etdikcə, sülh müqaviləsinin bağlanması vaxt aparacaq
“Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Ancaq Baş nazir bildirib ki, bunun üçün şərtlər razılaşdırılmalıdır: "Bizə İranı nümunə göstərirlər, biz də İranın təqdim etdiyi şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəmir yolu və avtomobil əlaqəsini təmin etməyə hazırıq. Düşünürəm ki, Ermənistanın Azərbaycanın nəzarətində, Azərbaycanın isə Ermənistanın nəzarətində ərazisi qalmamalıdır". Paşinyan Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı üzərinə heç bir öhdəlik götürmədiyinə dair absurd fikir də səsləndirib. Paşinyan iddia edib ki, Azərbaycan 3 ildir 10 noyabr bəyanatına istinad edərək, Zəngəzur dəhlizi ilə bağlı danışıqları inkişaf etdirir: “Üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki üçtərəfli bəyanatda belə bir ifadə yoxdur”. Belə görünür ki, vaxtaşırı sərsəm açıqlamaları ilə gündəmə gəlməyi bacaran erməni Baş nazir 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanatın Naxçıvanla kommunikasiyaların bərpasını nəzərdə tutan müvafiq bəndini unudub. Bəyanatda Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə quru yolla əlaqəsinin təmin edilməsi məsələsi öz əksini tapıb. Ancaq rəsmi İrəvan nəinki dəhlizin açılmasına imkan vermir, üstəlik, nəqliyyat dəhlizinə nəzarətin Rusiya sərhədçilərinin təmin etməsi öhdəliyindən də imtina edir. 2023-cü ilin sonlarında “Sülhün kəsişməsi” adlanan layihə çərçivəsində Ermənistan milli təhlükəsizlik xidmətində xüsusi bölmə yaradılıb. Paşinyan deyib ki, həmin bölmənin funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olmalıdır.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan və Azərbaycan arasında Zəngəzur məsələsi sülhün əsas problemi olaraq qalır. Analitikin fikrincə, Zəngəzurdan maneəsiz giriş-çıxışla bağlı məsələ sülh müqaviləsinin bağlanmasını bir müddət təxirə sala bilər:
"Prezident İlham Əliyev yerli televiziya kanallarına açıqlamasında Zəngəzur yolunun maneəsiz giriş-çıxışının təmin olunmasının sülhün əsas şərtlərindən olduğunu vurğuladı. Zəngəzur dəhlizindən maneəsiz gediş-gəliş olmayacaqsa, Ermənistan və Azərbaycan arasında sülhün əhəmiyyəti də qalmayacaq. Ermənistan hakimiyyətinin Azərbaycana iki təklifi sülhü sabotaj edir. İrəvanın birinci tələbi Zəngəzur yolunda sərhəd və gömrük sisteminin tətbiqidir. Digər məsələ Azərbaycan Ordusunun "güzgü" prinsipi ilə sərhəddən çəkilməsidir. Təbii ki, bunlar rəsmi Bakı tərəfindən qəbul edilməyəcək. Ümumiyyətlə, Paşinyan şərtləri yerinə yetirmək əvəzinə, əlavə şərtlərlə çıxış etdikcə, sülh müqaviləsinin bağlanması vaxt aparacaq. Görünür, Ermənistan rəhbərliyi silahlanmaqla proseslərdə Azərbaycana təzyiq edəcəyini düşünür. İranla Azərbaycan arasında Naxçıvana çəkilən yolun şərtlərini Zəngəzur dəhlizi ilə eyniləşdirmək cəhdi də Paşinyanın manipulyasiyasıdır. Ermənistanla Azərbaycan arasında fundamental problemlər geosiyasi problemin bir hissəsinə çevrilib. Əgər İrəvan iki dövlət arasındakı problemləri geosiyasi müstəviyə daşımağa cəhd edərsə, sülh müqaviləsinin imzalanması baş tutmayacaq".