Stavropolda Azərbaycan vətəndaşları seçkilərdə aktiv iştirak edəcək 

7 fevral Prezident seçkilərinin yüksək səviyyədə təşkil ediləcəyini, demokratik prinsiplərin qorunacağı və şəffaf səsvermənin olacağını hesab edirəm. Seçkiöncəsi mühit, namizədlərin təşviqat kampaniyası üçün yaradılan bərabər şərait də bu gözləntini artırır.

Sherg.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında Prezident seçkilərini izləmək üçün Azərbaycana gələcək MDB müşahidə missiyasının Rusiyadan olan nümayəndəsi, Stavropol diyarında “Odlar Yurdu” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Fəxrəddin Yarıyev deyib.

F. Yarıyev bundan öncə Azərbaycanda keçirilən parlament və Prezident seçkilərində dəfələrlə beynəlxalq müşahidəçi kimi iştirak etdiyini diqqətə çatdırıb: “Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanın beynəlxalq standartlara uyğun seçki ənənəsi formalaşıb. Bu ənənə özündə şəffaflıq, demokratik prinsiplərə əməl edilməsi, qanunvericiliyin tələbinin dəqiqliklə yerinə yetirilməsi kimi prinsipləri əks etdirir. Azərbaycanın demokratik seçki ənənəsinin olması indi özünü daha aydın şəkildə büruzə verir. Müşahidə apardığımız bütün seçkilərdə bu mənzərənin şahidi olmuşam. 7 fevral Prezident seçkilərinin də bu prioritetlərə uyğun keçiriləcəyinə əminəm”.

Rusiyadan olan müşahidəçi seçki günü bütün respublika üzrə səsvermə prosesini izləyəcəklərini qeyd edib: “Müxtəlif bölgələr üzrə aparılan müşahidələrin nəticəsi missiyanın rəhbərliyinə təqdim ediləcək, sonda yekun rəy açıqlanacaq. Seçkiöncəsi prosesləri kənardan da olsa izləyirik və indiyə qədər heç bir neqativ halın qeydə alınmaması deməyə əsas verir ki, 7 fevralda beynəlxalq müşahidəçilərin işi o qədər də çətin olmayacaq”.

F. Yarıyev onu da qeyd edib ki, Rusiya Federasiyası ərazisində olan Azərbaycan vətəndaşlarının da səsvermə hüququnun təmin edilməsi üçün lazım olan hər şey edilib: “Seçki məntəqələri yaradılıb və soydaşlarımız bu haqda məlumatlandırılıb. O cümlədən, səsvermə prosesi ilə bağlı soydaşlarımız arasında maarifləndirmə işləri aparılır. Bu prosesə diaspor təşkilatları da yaxından dəstək verir. Hesab edirəm ki, Stavropol diyarında yaşayan Azərbaycan vətəndaşları seçkilərdə aktiv iştirak edəcək və öz namizədlərinə səs verəcəklər”.