Ermənistan rəhbərliyi "güzgü" ifadəsini tez-tez işlədir - RƏY

Bizim Konstitusiyamızda başqa ölkələrə hansısa ərazi iddiası əks olunmayıb

“Əlbəttə, Azərbaycan Konstitusiyasında dəyişikliklərə ehtiyac var. Amma təbii ki, bu dəyişiklik ermənilərin istəyi və absurd iddiaları əsasında olmayacaq”

  Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə konstitusiyasının dəyişdirilməsindən danışarkən "Azərbaycan Konstitusiyasına da düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır" ifadəsini səsləndirib. Qriqoryan bu məsələnin Bakı ilə danışıqlar zamanı erməni rəsmilər tərəfindən gündəmə gətirildiyini vurğulayıb. Simonyan iddia edib ki, Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var. Onun sözlərinə görə, Ermənistan tərəfi hər hansı danışıqları güzgü effektində aparır: “Əgər bu danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir”. Qərbi Azərbaycan İcması yaydığı bəyanatda Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirlərini məsuliyyətsizlik kimi dəyərləndirib. Bəyanatda vurğulanıb ki, deyəsən, Qriqoryan Vardan Oskanyan kimi hələ də özünün uydurduğu paralel dünyada yaşayır: "Alen Simonyan qalib Azərbaycan haqqında boğazdan yuxarı danışmaqdansa, qoy gedib Ermənistan gerbində özünün dediyi kimi, “smaylikə oxşayan şiri” şərh etsin". Hüquqşünas Fərhad Mehdiyev də deyib ki, Azərbaycan Konstitusiyasında qonşu dövlətlərin ərazisinə iddia irəli sürülməsi ilə bağlı heç bir maddə yoxdur. Amma Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı ərazi iddiasını ehtiva edən maddələr var. Hətta təkcə Azərbaycana qarşı yox, Türkiyə və Gürcüstana qarşı da ərazi iddiası ilə bağlı bəndlər yer alıb. Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci ildə Ermənistan Konstitusiyasında qonşu dövlətlərə qarşı mifik ərazi iddialarının olması ilə bağlı çıxışından 3 il sonra Nikol Paşinyan bəyan edib ki, geosiyasi rəqabət gücünü artırmaq üçün ölkənin Konstitusiyası tam dəyişməlidir. Baş nazir ötən gün ölkənin İctimai Radiosuna müsahibəsində mövzunu təkrar gündəmə daşıyıb. Paşinyan konstitusiya referendumu barədə danışıb və deyib ki, Müstəqillik bəyannaməsi ilə münasibətləri tənzimləmək lazımdır: "Bizim dövlətçiliyi olmayan xalqdan dövləti olan xalqa çevrildiyimiz məqam - bu məqam məhz konstitusiya referendumudur". Prezident İlham Əliyev dünən Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən də bu məsələyə yenidən toxunub. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Dövlət başçısı diqqətə çatdırıb ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.
  Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan spikeri nə danışdığının deyəsən özü də fərqində deyil. Deputat bəyan edib ki, ümumiyyətlə, Ermənistanın baş naziri, eləcə də, parlamentin sədri "güzgü" ifadəsini tez-tez işlədirlər: 

"Güzgü, əslində, insanın özünə baxması üçündür. Ermənilər "güzgü prinsipi" dedikdə nəyi nəzərdə tuturlar? Əlbəttə, Azərbaycan Konstitusiyasında dəyişikliklərə ehtiyac var. Amma təbii ki, bu dəyişiklik ermənilərin istəyi və absurd iddiaları əsasında olmayacaq. Azərbaycan xalqının, dövlətimizin istəyi üzrə Konstitusiyada müəyyən dəyişikliyin olması labüddür və bunu da edəcəyik. Lakin bizim Konstitusiyada nəzərdə tutulan dəyişikliklərin Ermənistan-Azərbaycan münasibətlərinə heç bir aidiyyəti yoxdur. Çünki zəruri dəyişikliklərin hamısını vaxtında etmişik. Bizim Konstitusiyamızda başqa ölkələrə hansısa ərazi iddiası əks olunmayıb. Ermənistan Konstitusiyası isə ona görə dəyişməlidir ki, orada Azərbaycana və Türkiyəyə qarşı militarist müddəalar, ərazi iddiaları yer alıb. Onlar da ortadan qalxmalıdır. Ona görə də erməni tərəfinin çağırışları, iddiaları mənasız və anlaşılmazdır. Əgər fikir daha dəqiq və konkret olsaydı, münasibət bildirmək mümkün olardı. Ümumən, hər kəs anlamalıdır ki, bütövlükdə başqa ölkənin beynəlxalq hüquqla tanınmış ərazilərinə hansısa formada iddia etmək olmaz".