Ona görə də İrəvanı sülhə məcbur etmək üçün hərbi güc tətbiqindən istifadə etməliyik
“Çünki ermənilər diplomatik dildən anlamırlar, ona görə də görüşlər, müzakirələr nəticəsiz qalır"
Yanvarın 31-də Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının iclası keçirildi. Görüş şərti sərhədin Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş vilayəti hissəsində baş tutdu. Qeyd edək ki, bu, sayca altıncı görüş idi. İlk iki görüş də şərti sərhəddə keçirilmişdi. Digər iki görüş Moskva və Brüsseldə reallaşmışdı. Sonuncu görüş isə 2023-cü il noyabrın 30-da indiki formatda, yəni şərti sərhədin Qazax-Tavuş hissəsində keçirilmişdi. Məsələ ondadır ki, komissiyaların iclasları hər iki ölkədə diqqətlə izlənilir. Əldə ediləcək nəticələr iki ölkə arasında etimad quruculuğu yolunda atılan daha bir addım kimi qiymətləndirilir. Detallı məlumat olmasa da, ümumən bildirilir ki, sonuncu görüşdə tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Görüşün yekunları ilə bağlı Xarici İşlər Nazirliyinin yaydığı məlumatda da bildirildi ki, tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar. Həmçinin komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər. Ciddi nəticələr olmasa da, analitiklərin fikrincə, komissiyaların iclaslarının intensiv qaydada keçirilməsi zəruridir.
Siyasi şərhçi Fuad Abbasov da "Şərq"ə açıqlamasında deyib ki, Ermənistanın sülh danışıqları çərçivəsində son günlərdə gündəmə gətirdikləri absurd təkliflər, əsassız iddialar erməni hiyləsinin bariz nümunəsidir. Ekspertin sözlərinə görə, əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda, eləcə də sərhədlərin delimitasiya və demarkasiyasını həyata keçirməkdə, kəndlərimizi geri qaytarmaqda maraqlı olsaydı, bunu ötən müddət ərzində həyata keçirmişdi: "Ermənistan rəhbərliyi və rəsmilər ölkə konstitusiyasına dəyişikliklərdən danışırlar. İrəvan bu niyyətində səmimi olsaydı, parlamentin plenar iclaslarının gündəliyinə konstitusiya dəyişikliyi məsələsini daxil edərdi. Həmçinin Müstəqillik Bəyannaməsinin 11-ci maddəsində yer alan, Türkiyəyə ərazi iddiasından imtina edərdi. Eyni zamanda Azərbaycanın topraq bütünlüyünə qarşı iddialarından əl çəkər, "Qarabağ Ermənistana birləşdirilməlidir" ifadəsini atardı. Ermənistan öz konstitusiyasında dəyişiklik etməyənədək onun bütün cəhdləri, təşəbbüsləri, o cümlədən müxtəlif səpkili görüşlər Azərbaycana tələ qurmaq, hiyləgər planları həyata keçirmək məqsədi daşıyır. Hazırda İrəvan çalışır ki, Qərb ölkələri, ABŞ və Avropa vasitəsilə Azərbaycana təzyiqlər göstərsin və mövcud status-kvonu uzatsın. Erməni tərəfi bizi bu vəziyyətlə məcburən barışdırıb, daha 20-30 il belə yaşamaq niyyətindədir. Ona görə də düşünürəm ki, İrəvanı sülhə məcbur etmək üçün hərbi güc tətbiqindən istifadə etməliyik. Çünki ermənilər diplomatik dildən anlamırlar, ona görə də görüşlər, müzakirələr nəticəsiz qalır".