ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller ermənipərəst jurnalistin təxribatına uymayıb. Metyu Miller brifinqdə Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı təxribatçı sualı, xüsusən ATƏT-in "hesabat"ını şərh etməkdən imtina edib. O deyib ki, Azərbaycanın daxili seçkiləri ilə bağlı sadəcə heç bir şərhi yoxdur. Jurnalist müzakirəni davam etdirməyə çalışsa da, Miller digər mövzuya keçib. Xatırladaq ki, bir qədər əvvəl ATƏT-in Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı hazırladığı ilkin hesabatda seçkilərin şərtləri ilə bağlı bəzi problemlərin olduğu qeyd edilib.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, ABŞ hazırda İran ətrafında cərəyan edən problemlərin həlli ilə məşğuldur. Ekspert bildirib ki, Yaxın Şərqdə maraqların toqquşması və hərbi qarşıdurmalar mövcuddur:
"Azərbaycanda keçiriləcək Prezident seçkiləri ilə bağlı beynəlxalq standartlara uyğun proseslər gedir və aktiv seçki olacağı şübhəsizdir. ABŞ-nin əlinə dəstəvuz verəcək, yaxud bəhanə yeri qoyacaq bir hal yoxdur. Artıq müsəlman ölkələrində ABŞ-nin ağ yalanlarla demokratiya ixracı görüntüsü yaratması süni görünür. Azərbaycan Vaşinqtonun irad tutacağı ölkə deyil. Ancaq Dövlət Departamentinin hazırda Azərbaycana qarşı təzyiq kampaniyasına qoşulmaması Ağ Evin başqa planlarının olmasından da xəbər verə bilər. Lakin radikal planının olduğunu zənn etmirəm. Çünki İranla vəziyyətin kifayət qədər gərgin olduğu bir zamanda İsraillə normal münasibətlərdə olan Azərbaycanla aqressiv danışmaq ancaq özünə ziyan gətirə bilər. Azərbaycanın Qarabağ qələbəsi və haqlı olduğunu dünyaya sübut etməsi fonunda ABŞ-nin Azərbaycana qarşı açıq təzyiqə keçməsi onun tərəfsiz olmadığını və regionda durumu qarışdırmağa niyyətlənməsi kimi də anlaşıla bilər. Bu baxımdan Vaşinqton ehtiyatlı siyasətə üstünlük verir. Əsassız, faydasız qaralama kampaniyalarına qoşulmağa ehtiyac görmür".