Ancaq sonrakı instansiyaların qərara hansısa müdaxilə edib-etməyəcəyini də gözləmək lazımdır
Fazil Mustafa: “Eyni zamanda İran tərəfi mənə təşkil edilmiş sui-qəsdlə bağlı təşkilatçıların bizə verilməsini də təmin etməlidir”
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb. Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə ilk məhkəmə iclası keçirilib. Təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilən məhkəmə iclasında Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak ediblər. Terror aktını törədən Yasin Hüseynzadə səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunub. Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu törədilib. Terror hücumu nəticəsində səfirliyin bir əməkdaşı həlak olub, digər iki əməkdaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanıb.
Millət vəkili Fazil Mustafa "Sherg.az"a deyib ki, İran tərəfindən atılan bu addım pozitiv qiymətləndirilməlidir. Deputatın sözlərinə görə, iki dövlət arasındakı münasibətləri ayrı-ayrı şəxslərin törətdikləri cinayətlərə görə zədələmək olmaz: "Görünür, artıq İranda da anlayırlar ki, bunun sonu yoxdur. Ona görə belə bir qərarın çıxarılması müsbətdir. Ancaq sonrakı instansiyaların qərara hansısa müdaxilə edib-etməyəcəyini də gözləmək lazımdır. Çünki müəyyən reaksiyalar olacaq. Eyni zamanda İran tərəfi mənə təşkil edilmiş sui-qəsdlə bağlı təşkilatçıların bizə verilməsini də təmin etməlidir. Bu da vacib addımlardan biridir. Çünki eyni sui-qəsddir və bunu İranda məskunlaşan, konkret adları bəlli olan azərbaycanlılar ölkəmizdəki terrorçu qruplarla birgə təşkil ediblər. Verilən vəsait əsasında sui-qəsd reallaşıb. Belə məsələlərdə xoşgörülü addım atılmalıdır".
Parlament üzvü vurğulayıb ki, dövlətlərarası münasibətləri sadəcə yola vermək İranın özünə də faydalı deyil: "İranın düşməni onsuz da çoxdur. Qonşu Azərbaycanı da düşmən vəziyyətində saxlamaq İran üçün əlverişli deyil. O səbəbdən belə addımların atılması münasibətlərin indiki mərhələsində soyuqluğu ortadan qaldırmağa kömək edə bilər. Hər halda İran rəsmiləri bu məsələ ətrafında ciddi düşünməli və münasibətlərin bərpasına fayda verəcək addımların atılmasını təmin etməlidirlər".