ABŞ-nin nüfuzlu mərkəzinin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür
Xəbər verdiyimiz kimi, ABŞ-nin analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilər sırasına Cənubi Qafqazı da daxil edib. Mərkəzin proqnozlarına görə, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı var. Bununla yanaşı, erməni analitik Varujan Qeqamyan da tərəflər arasında müharibə ehtimalını istisna etməyib. Son günlər Ermənistan silahlı qüvvələrinin Fransanın təhriki ilə Cermux (Dərələyəz) istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edərək yüksəklikləri ələ keçirəcəyi ilə bağlı da informasiyalar yayılır. Vurğulanır ki, Dərələyəz istiqamətindəki strateji yüksəkliklərin ələ keçirilməsi Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan Ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərləri, hava limanları və yollarına nəzarət edir. Onu da qeyd edək ki, Ermənistan rəsmiləri və erməni mediası "yeni müharibə ehtimalını" mütəmadi gündəmə gətirir, hətta Azərbaycan Ordusunun bəzi yerlərdə "hərbi əməliyyatlar keçirəcəklərini" iddia edirlər.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox “Azərbaycanın Ermənistana hücumu” kontekstində təqdim edilir. Analitikin sözlərinə görə, ABŞ-nin nüfuzlu mərkəzinin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür:
"Birinci, ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir. Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır. Ancaq Azərbaycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq. Rəsmi Bakı daha çox İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşrutların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir. Digər ssenari Qazaxın 4 kəndinin azad edilməsidir. Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyidir. Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri - qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir. Lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır. O baxımdan seçkidən sonra 4 kəndə nəzarətin bərpası istiqamətində hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir".
Ekspertin fikrincə, Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atması da istisna edilmir: "Bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir. Rəsmi İrəvan Moskvanın “müttəfiqliyindən” imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır. Qarşıdakı dövrdə bu ssenarinin tətbiqi istisna edilməməlidir. Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələnin xüsusilə “Azərbaycanın Ermənistana hücum hazırlığı” kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar".