Cermukdan təxribat kanalı açmaq istəsələr, Azərbaycanın buna cavabı daha sarsıdıcı ola bilər
Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat araşdırmalarının davam etdiyi deyilir. Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiyanın Azərbaycandakı Səfirliyinə məlumat verilib. Ekspertlərin fikrincə, hadisə son zamanlar Avropanın Ermənistanı Azərbaycana qarşı təxribat düşüncəli hərəkətlərə vadar etmək taktikaları fonunda diqqət çəkir. Nəzərə alaq ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində missiyası fəaliyyət göstərir.
Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Fransa hər vəchlə bu missiyanı Azərbaycana qarşı hərbi cəbhənin elementinə çevirməyə həvəslidir. Ekspertin sözlərinə görə, düzü, bu missiyanın funksiya və vəzifələrinin legitim öhdəlikləri yerinə yetirib-yetirmədiyi onsuz da çox şübhəli idi:
"Çünki o, bitərəflik prinsiplərini dəyişərək Ermənistanın maraqları üçün məşəl yandıran platforma olduğunu çoxdan sübut edib. Məsələnin ardını Fransanın Azərbaycana kəşfiyyat müstəvisində uduzması, AŞPA-nın Bakı əleyhinə hərarəti fonunda gətirsək, deyə bilərik ki, sərhədi keçməyə çalışan şəxs məhz Parisin xeyir-duası ilə çətin relyefli ərazilərdən, dərə boşluqlarından keçərək kəşfiyyat müşahidəsi aparmaq istəyib. Üstəgəl, qeyd olunan hadisə ilə bağlı informasiyalar Fransa Milli Jandarmasının xarici missiyalar üzrə komandanı, briqada generalı Uilyam De Meyerin Ermənistana səfəri ilə üst-üstə düşdü. Bu hissələrə əsaslanaraq demək üçün əsas yaranır ki, Avropa İttifaqının monitorinq missiyası, Azərbaycan sərhədləri daxilində gizli gündəliklə kəşfiyyat imkanları yaratmaq niyyətindədir. Bunun ideya müəllifi isə əsasən Fransadır.
Azərbaycanın təhlükəsizlik mühitinin və sərhədlərdəki güclü nəzarətinin möhkəm vəziyyəti kəşfiyyat həmlələrini önləməyə imkan verir. Lakin sərhəddə Azərbaycan əleyhinə kəşfiyyat fəaliyyətlərinin sonlanacağı ümidinə qapılmaq olmaz, böyük bir ehtimalla Ermənistanı yeni hərbi avantüraya hazırlamaq planları işlənilir. Bu, sərhədin hansı nöqtəsində hərbi insidentlər yaşanacağı ehtimalını təsvir etməyə də imkan verir. Ehtimalla Ermənistana təlimat verilir ki, Azərbaycan qoşunlarının 2022-ci ilin sentyabr döyüşlərində sərhəddə en və uzunluq üzrə irəliləyərək nəzarəti bərpa etdiyi əraziləri nəzərdən keçirsin. Hesablama olar ki, əsasən Cermuk istiqaməti üzrə hərəkətliliyin olacağı istisna edilmir. Ermənistan Cermukdan təxribat kanalı açmaq istəsə, Azərbaycanın buna cavabı daha sarsıdıcı ola bilər. Çünki Azərbaycan Ordusunun sərhəddəki mövqeləri daha əlverişlidir, üstəgəl, təxribatın hərbi mənbəyini tapıb məhv etmək potensialı Bakı üçün asan işdir".