Ermənilərə ismarış: O qatarın dalınca baxma... - RƏY

Separatçı rejimin heç bir şansı yoxdur

  Azərbaycan bölgədə sabitliyin təmin olunması, Ermənistanla münasibətlərin normallaşması üçün vacib təşəbbüslərlə çıxış edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə, dünyanın tanınmış siyasətçiləri, dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri ilə söhbətlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə dünyada sülhün və təhlükəsizliyin qarantı təsiri bağışlamaqla, hadisələrə mövcud reallıqlar, hadisələr baxımından qiymət verib, Azərbaycanın milli maraqları mövqeyindən çıxış edərək bir daha dünyanı ədalətə, haqqa, demokratiyaya, insan hüquqlarının qorunmasına səsləyib.
  Dünya da İlham Əliyevin sülhün və əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsindəki xidmətlərini, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri və əməkdaşlığın inkişafı sahəsində onun səmərəli rolunun gələcək üçün önəmli olduğunu yüksək qiymətləndirir.
Lakin görünən odur ki, erməni tərəfi sülhə hazır deyil və Ermənistan Azərbaycana qarşı ərazi iddiasını davam etdirir.
  Ermənistan 44 günlük Vətən müharibəsində məğlub olmasına, uzun illər dövlətimizə təcavüz etməsinə, terror əməlləri törətməsinə baxmayaraq, yenə də çirkin məqsədlərindən əl çəkmir, əlaltından müharibəyə hazırlaşır, ölkəmizin mövqelərinə qarşı təxribat xarakterli hücumlar edir.
Çox təəssüflər olsun ki, 2023-cü ilin sentyabr əməliyyatından sonra ləğv edilən Qarabağdakı separatçı rejimin Ermənistanda təşkilatlanması və fəallaşması davam edir. Ermənistanın siyasi rəhbərliyi isə onlara dəstək nümayiş etdirir.
Qeyd edək ki, bu günlərdə Qarabağda separatçı hərəkatın başlamasının ildönümü ilə əlaqədar “Artsax” “rəhbərləri” yenidən üzə çıxıb. Separatçılar 20 fevral tarixini – Qarabağda erməni separatizminin başlanğıcı gününü “yad edib”.
  Keçmiş qondarma “DQR”in sonuncu “prezidenti” Samvel Şahramanyan başda olmaqla beş-altı separatçı “Qarabağ hərəkatı”nın fevralın 20-də 36-cı ildönümü münasibətilə Erablurda İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarında gorbagor olmuş erməni hərbçilərinin qəbirlərini ziyarət ediblər. Lakin Şahramanyan jurnalistlərin suallarını cavablamaqdan imtina edərək, ərazini maşınla tərk edib. Daha sonra separatçılar qapalı tədbir keçirib. Tədbirdə iştirak edən separatçılardan Alyoşa Qabrielyan bildirib ki, Şahramanyan “Qarabağa qayıdışın təmin edilməsinin zəruriliyindən” bəhs edib. Şahramanyan Ermənistan hakimiyyəti ilə əməkdaşlıq yollarının tapılmasından da danışıb. O, nə vaxtsa Qarabağa qayıtmağa ümid etdiyini bildirib.
  Özünü olmayan bir “parlamentin” vitse-spikeri adlandıran Vahram Balayan isə Qarabağ səhifəsinin hələ bağlanmadığını bildirib. O, hazırda erməni tərəfinin pis durumda olduğundan, vəziyyətdən çıxmaq üçün Ermənistanı gücləndirməyin vacibliyindən söz açıb və bildirib ki, güclənmə “ermənilərin “tarixi vətəninin” bir hissəsinin qaytarılması uğrunda mübarizəsinin davamına” imkan yaradacaq. Öz aləmində qondarma tarix uydurub ondan söz açan V.Balayanın ən böyük çərənləməsi isə budur: Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi yoxdur.
  Politoloq Qabil Hüseynli isə “Sherg.az"a açıqlamasında deyib ki, bütün bunlar Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqda bəyanatlarına ziddir və Ermənistanın danışıqlar prosesində qeyri-səmimi yanaşmasını sübut edir.
  Ermənistan Nikol Paşınyan bəyan etdiyi kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda öz ərazisində Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən separatçıların fəaliyyətinə dərhal son qoymalıdır: “Hər nə qədər indi separatçılar keçmişdə, yəni “Qarabağ hərəkatı”nın mövcud olduğu dövrdəki kimi Ermənistanda hakim qüvvə deyil. Ancaq ümumən, onların mövcudluğu, özlərini hansısa formada göstərmələri ölkənin adına yazılır. İstər-istəməz, düşünülür ki, indiki durum rəsmi İrəvanın Cənubi Qafqazda sülhün yaranmasına əks mövqe tutduğunun təsdiqidir. Yəni Baş nazir Nikol Paşinyanın Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsinin, üstəlik, ölkəmizdən Ermənistanın ərazi bütövlüyünün tanınmasını istəməsinin hansısa əhəmiyyəti yoxdur. Çünki ortada real mənzərə var – Ermənistan Azərbaycan ərazilərinə iddiada olan birləşməni bəsləməklə məşğuldur. Çox güman ki, Paşinyan utanmadan bu hadisədən də Ermənistanın “xəbərsiz” olduğunu iddia edəcək. Guya bunlar separatçıların fəallaşmasına imkan vermir, başlıca niyyətləri də regionda sülhün bərqərar olmasıdır. Bir sözlə, Paşinyanın simasında əsl erməni ikiüzlülüyünün növbəti dəfə şahidi oluruq. Lakin bütün bunlar bizim üçün təhlükəli xarakter daşımır.
  Ermənilərə qalan elə gedən qatarın arxasınca baxmaq olacaq. Azərbaycan 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bütün dünya ölkələri də Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”.
  Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın “Dağlıq Qarabağ” layihəsi “ölü doğulmuş” olduğuna görə irəliyə gedə bilmədi və ruslar əlini Ermənistanın üzərindən çəkən kimi “DQR”-də tarixin məzarlığına dəfn olundu: “Bilirsiniz ki, 20 fevral 1988-ci ildə başlanan “Qarabağ Hərəkatı” erməni millətçilərinin Ermənistan SSR-də və Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 1980-ci illərin sonlarında başlamış olduqları, məqsədi bölgəni Azərbaycandan alıb Ermənistana birləşdirmək olan hərəkat idi. Lakin şanlı Azərbaycan Ordusunun şücaəti ilə ermənilərin Qarabağla bağlı arzuları gözlərində qaldı”.