BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Prezident İlham Əliyevi təbrik edib

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Prezident İlham Əliyevi təbrik edib.

"Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edir, ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə Azərbaycan arasında əməkdaşlıq çox yüksək qiymətləndirilir. Mən fürsətdən istifadə edərək, Ali Komissarlığın regionda köçkünlərlə bağlı məsələlərin həllində Azərbaycan Hökumətinin səylərini dəstəkləməkdə davam edəcəyini bildirirəm.

Eyni zamanda, yeni prezidentliyiniz dönəmində də əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul edin".