Analitik: Mahmud Abbas Fələstinə tam şəkildə nəzarət edə bilmir

Fələstin lideri Mahmud Abbas İsrail Baş naziri Benyamin Netanyahunun “müharibədən sonrakı Qəzza” planının prinsiplərini rədd edib və bununla bağlı xarici liderlərə və beynəlxalq təşkilatların rəhbərlərinə məktublar göndərib.
O, məktublarında Netanyahunun prinsiplərini təhlükəli hesab etdiyini bildirib və bunun gözlənən nəticələri barədə xəbərdarlıq edib. İsrail qoşunlarının Qəzzadan tamamilə çıxarılmasını, ərzaq, dərman və gündəlik tələbat məhsulları da daxil olmaqla, humanitar yardımın artırılmasını tələb edib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a vurğulayıb ki, İsrail və Həmas arasında gedən savaş artıq bütün qırmızı cizgiləri keçməyə başlayıb:

“Ancaq Mahmud Abbasın indiki situasiyada proseslərə təsir etmək imkanları demək olar ki, yoxdur. Çünki, Mahmud Abbas Fələstinə tam şəkildə nəzarət edə bilmir. Üstəlik də savaşın getdiyi ərazilər Həmasın idarəçiliyi altındadır. Ancaq son məlumatlar ondan ibarətdir ki, İsrail həmin bölgədə öz nəzarətini tam təmin edənə qədər hərbi əməliyyatları dayandırmaq niyyətində deyil. Ümumiyyətlə İsrail-Həmas savaşını tam dayandıra biləcək yeganə qüvvə ABŞ-dir. Çünki, İsrail ABŞ ilə həm yaxın müttəfiqdir, həm də Ağ Evdən verilən təkliflərə daha həssas yanaşır. Ona görə də, böyük ehtimal Mahmud Abbasın bu məsələyə müdaxilə etməyə çalışması və yaxud da müraciət cəhdləri elə bir ciddi nəticə verməyəcək. ABŞ-nin, eləcə də bəzi nüfuzlu Qərb dövlətlərinin prosesə daha doğru, ədalətli müdaxilə etməsi nəticəsində müharibənin dayanma ehtimalı arta bilər. Lakin rəsmi Vaşinqton hələlik müharibənin dayandırılması üçün Təl-əvivə təsir göstərməyə tələsmir. Bu baxımdan ABŞ -nin üzərinə böyük məsuliyyət düşür. Ancaq Amerika üzərinə düşən məsuliyyətin öhtəsindən gəlməkdə faktiki olaraq ya çətinlik çəkir, ya da bunu icra etməyə həvəsli deyil”.

Fidan Həməşəyeva