Deputat: "Blinkenin Prezident İlham Əliyevə zəng etməsi müsbət haldır"

"ABŞ Fransadan fərqli olaraq Azərbaycanla kəskin konfrantasiya siyasəti aparmır" 

"Görüşdə qəbul olunacaq qərarlar nə qədər səmimi olduqlarını göstərəcək"



"ABŞ Dövlət Katibi E.Blinkenin Prezident İlham Əliyevə zəng etməsi ən azından aprelin 5-də keçiri görüş öncəsi tərəflərin münasibətlərinə aydınlıq gətirilməsi baxımından müsbət haldır". 

Bu barədə "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 
Deputat vurğulayıb ki, ABŞ, Fransadan fərqli olaraq Azərbaycanla kəskin konfrantasiya siyasəti aparmır: 
"ABŞ üzdə də olsa, Brüssel görüşünün Ermənistanı silahlandırmaq məqsədi daşımadığını, yalnız iqtisadi dəstək veriləcəyini bildirir. Belə demək mümkünsə, Azərbaycanın maraqları ilə hesablaşır. Görüşə çox az vaxt qalıb və qəbul olunacaq qərarlar, nə qədər səmimi olduqlarını  göstərəcək. Hesab edirəm, Qərbin indiki halda apardığı siyasət, Ermənistanı Rusiyadan tamamilə qoparmaq, Paşinyanı mümkün təzyiqlərdən qorumaq məqsədi daşıyır. Qlobal mənada isə, "erməni məsələsinin" beynəlxalq gündəlikdən tamamilə çıxarılmasına imkan verməməyi hədəfləyir. Tarixən, Cənubi Qafqaz regionu uğrunda mübarizə aparan geosiyasi güclər “erməni” kartından istifadə ediblər. Ona görə də bölgədə dayanıqlı sülhün əldə olunması, həmin güclərin planları ilə uzlaşmır. Cənab Prezident ABŞ Dövlət Katibinə açıq şəkildə planlaşdırılan görüşün narahatlıq doğurdunu, sülhün əldə olunmasına əngəl yaradacağını, bölgədə gərginliyi artıracağını bildirdi. Azərbaycanın Ermənistana hücum etmək planının olmadığını vurğuladı.Fransanın qərəzli davranışlarının Ermənistanı yeni müharibəyə sürüklədiyini xatırlatdı".

Parlament üzvü vurğulayıb ki, normalda Brüssel görüşü müharibədən sonra Azərbaycanın iştirakı ilə keçirilməli idi: 
"30 illik erməni işğalı nəticəsində dağıdılmış şəhərlərin bərpası üçün Azərbaycabna maliyyə dəstəyi verilməliydi. Beynəlxalq praktikada, donor dövlətlərin, maliyyə institutlarının iştirak etdiyi çoxsaylı faktlar mövcuddur. Əfsuslar olsun ki, nə işğalın, nə də onun fəsadlarının aradan qaldırılmasında beynəlxalq birliyin səylərini görmədik. Azərbaycan təkbaşına öz problemlərini özü həll edir. Köməkləri özlərinə qalsın, təki mane olmasınlar. Bu görüş son deyil, gələcəkdə də belə görüşlərin keçiriləcəyi şübhəsizdir. Ancaq, bir məsələ aydındır ki, Ermənistan çox təhlükəli oyun oynayır, sürətlə Suriyalaşmağa doğru gedir. Suriyadakı vəziyyətə baxsaq, orada bir-birinə düşmən olan ABŞ, Rusiya, İran və Aİ-na daxil olan bəzi dövlətlərin silahlı qüvvələri hökmranlıq edir. Hələ çoxsaylı terror qruplarını demirəm. Dəməşq hakimiyyəti praktiki olaraq ölkəni idarə etmir. Elə bir vəziyyət yarana bilər ki, proseslər idarə olunmaz hal alar. Bu isə təkcə Ermənistan üçün yox, bütövlükdə regionun təhlükəsizliyi üçün böyük təhdüdlər yaradır".