Amma bunu Rusiya lideri Putin haqda demək çətindir
Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. O qeyd edib ki, Kiyevdə Ukraynanın xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa ilə görüşüb: “Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün Ukrayna Prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət məktubunu təqdim etmək şərəfinə nail oldum”.
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, COP29-a dəvət olunması proseduru təşkilatçı dövlət kimi Azərbaycanın üzərinə düşür. Analitikin sözlərinə görə, Azərbaycan əvvəlki tədbirlərdə iştirak edən ölkələrə dəvət göndərəcək:
"Bunların arasında Azərbaycanın məsləhət bildiyi ölkələrə də əlavə olaraq dəvətlər göndərilə bilər. Ukrayna və Rusiya dövlət başçıları Zelenski və Vladimir Putin də dəvət olunanlar sırasında olacaq. Bu dəvəti qəbul etmək onların özlərindən asılı olacaq. Hesab edirəm ki, hər iki dövlət başçısının COP29-da iştirak etməsi
üçün Azərbaycan tərəfindən hər cür şərait yaradıla bilər. Ukrayna və
Rusiya arasında müharibənin getdiyini nəzərə alsaq, ilin sonuna kimi hansı durumun olacağını proqnoz etmək hələlik çətindir. Lakin hesab edirəm ki, Zelenski COP29-da iştirak edə bilər. Çünki Zelenski üçün COP29 kimi mötəbər tədbir dünya liderləri ilə görüşmək baxımından yaxşı imkanlar yaradır. Amma bunu Rusiya lideri haqda demək çətindir. Bu baxımdan da hesab edirəm ki, Rusiyanı böyük ehtimalla Lavrov təmsil edəcək. Təcrübələr bunu göstərir. Əgər hər hansı ekstremal durum olmasa, Zelenskinin COP29-da iştirak edəcəyini düşünürəm".