ATƏT sədrinin səfərinin gedişata təsiri yoxdur -AÇIQLAMA

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.
Bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.

"Mən tərəfdaşlarımla Bakıda keçirəcəyim görüşlərdə dayanıqlı və hərtərəfli sülh üçün danışıqların aparılmasına sadiqliyin vacibliyini vurğulayacam", - ATƏT sədri deyib.

Qeyd edək ki, ATƏT sədri İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyasını dəstəklədiyini açıqlayıb.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a açıqlamasında deyib ki, ATƏT sədrinin Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasını dəstəkləməsi müsbət haldır:

"Hazırda Rəsmi Bakı və İrəvan münasibətləri inkişaf edir və iki hər iki tərəf sülhə hazırlaşır. 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilən danışıqlarda bunun göstəricisidir. ATƏT sədrinin bu prosesləri dəstəkləməsi müsbət haldır. Lakin onu da qeyd edək ki, ATƏT-in nə delimitasiya proseslərində, nə də, sülhün bərqərar olmasında əhəmiyyətli rolu olub".

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov bildirib ki, bu səfər ATƏT nümayəndələrinin Cənubi Qafqaza ilk gəlişi deyil.

"ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı 30 ilə yaxın fəaliyyət göstərsələr də, ortaya bir nəticə qoya bilmədilər. Görünən odur ki, hazırda ATƏT proseslərdə iştirak etmir. Bu səbəbdən ATƏT sədrinin prosesə vasitəçi və ya dəstəkçi niyyəti ilə Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfərinin gedişata təsiri yoxdur. Çünki rəsmi Bakı və İrəvan arasındakı əsirlərin mübadiləsi, sülh sazişinin mətninin müzakirə edilməsi, Qazaxın 4 kəndinin qaytarılması, sərhədlərin delimitasiyası prosesləri ATƏT-in iştirakı olmadan həyata keçirilib. Bu səbəbdən ATƏT-in delimitasiya proseslərini dəstəkləməsi ilə Cənubi Şərqi Asiyada hansısa təşkilatın delimitasiya prosesini dəstəkləməsi arasında bir fərq yoxdur. Halbuki, ATƏT bu prosesdə moderator rolunu öz üzərine götürmüşdü və münaqişənin həllində əhəmiyyətli rol oynaya bilərdi".