Fransa naziri Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına absurd iddialar səsləndirib

Fransa naziri Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına absurd iddialar səsləndirib.
Sherg.az APA-ya istinadən  xəbər verir ki, bu iddialarla Fransanın daxili işlər naziri Jerar Darmanin çıxış edib.

Nazir “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib.

Daxili işlər naziri müstəqilik tərəfdarlarının guya Azərbaycanla hansısa “sövdələşməyə” getdiyini də iddia edib.

Qeyd edək ki, Yeni Kaledoniyada iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda, həbs olunanlar var.

Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin Kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib.

Bundan sonra etirazlar başlayıb.

Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib.

Fransanın Baş naziri Qabriel Attal davam edən iğtişaşlar səbəbindən Yeni Kaledoniyaya ordu yeridiləcəyini bildirib. Onun bu bəyanatından sonra Yeni Kaledoniyaya ordu yeridildiyi barədə məlumatlar var.

Yelisey Sarayı isə Fransanın Yeni Kaledoniyadan fövqəladə vəziyyət elan edəcəyini açıqlayıb.

Baş verənlərin fonunda fransalı nazir Kanak xalqının milli azadlıq, müstəqillik hərəkatı ilə bağlı absurd iddialar səsləndirməklə, əslində, ölkəsinin müstəmləkəçilik mahiyyətini ortaya qoyub.

Yeni Kaledoniyada insanlar öz haqlarını tələb edir, bunun uğurunda mübarizə aparırlar. Fransa isə onların haqlı tələbini yerinə yetirmək, müstəmləkə siyasətindən əl çəkmək əvəzinə, günahı Azərbaycanın üstünə atmağa çalışır.