Bakının siyasəti zərgər dəqiqliyi ilə işləyir -ŞƏRH

Qazaxın 4 kəndinin qaytarılması növbəti tarixi zəfərdir

Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesi artıq yaxınlaşır
 

 Ölkəmiz daha bir Zəfərə imza atdı. Qazaxın 4 kəndi - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı dünən Azərbaycan sərhədçiləri tərəfindən tam nəzarətə götürülüb. Artıq sərhədçilərimiz sözügedən kəndlərə yerləşdirilib. Beləliklə, 44 günlük müharibə, ardınca Qarabağda suverenliyimizin bərpasından sonra Azərbaycan heç bir güzəşt etmədən işğal altında qalan torpaqların azad edilməsi istiqamətində növbəti qələbəni təmin edib.
 Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin  məlumatına görə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası məsələləri və sərhəd təhlükəsizliyi üzrə Komissiyasının 8-ci görüşünün Protokolu imzalanıb. Qeyd olunan Protokolun həyata keçirilməsi məqsədilə sərhəd xəttinin koordinatları üzrə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirmə aparılıb və müvafiq sərhəd xəttinin keçməsinin Protokol-təsvirini özündə əks etdirən birgə çöl işləri nəticələri haqqında Texniki Protokol tərtib edilib.
 15 may 2024-cü il tarixində Azərbaycan və Ermənistan arasında sərhəddə Komissiyaların növbəti 9-cu görüşü keçirilib, sözügedən Texniki Protokol razılaşdırılıb və bu barədə Komissiyaların müvafiq Protokolu imzalanıb.
Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması təmin edilib.
 Qeyd edək ki, 90-cı ilin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmayaraq digər bölgələri də əhatə edib. Qarabağ müharibəsinin ilk günlərindən döyüşlərə ciddi  hazırlaşan Ermənistan silahlı birləşmələri Qazax rayonunun həmsərhəd kəndlərində yaşayan dinc əhalini mütəmadi atəşə tutub, evləri yandırıb, mal-qaranı tələf edib və ya oğurlayıblar. Həmin dövrdə Sovet hökumətinin qərarına əsasən Qazax rayonunda olan bütün silahlar əhalinin əlindən alınıb. Ermənistanla sərhəddə yerləşən Qazax rayonunda silahların kütləvi şəkildə yığılması nəticəsində yerli əhali silahlı düşmən qarşısında əliyalın vəziyyətdə qalıb. Bununla SSRİ rəhbərliyi yerli azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələrinin törədəcəyi soyqırıma ideal şərait yaradıb.
 Əlisilahlı ermənilər keçmiş sovet ordusunun hərbiçiləri ilə birgə 1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə Bağanis Ayrım kəndinə soxulub, martın 24-ü səhər saatlarında isə kənd erməni silahlıları tərəfindən işğal olunub. Bağanis Ayrım kəndi İcevan-Noyamberyan avtomobil yolu üzərində yerləşdiyi üçün ermənilər sözügedən yoldan gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndi işğal ediblər. İşğal zamanı kəndin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməyən divan tutulub. 600 nəfər əhalisi və 100-dən çox evi olan kənd talan olunub.
 Ermənilər üçün xüsusi strateji əhəmiyyətə malik olan digər kənddə, Xeyrimlidə isə 1990-cı ilin martından 1992-ci illin martına qədər kiçikmiqyaslı atışmalar olsa da, işğal hadisəsi baş verməyib. Lakin 1992-ci ilin martın 8-də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızılhacılı, 14-də isə Aşağı Əskipara kəndləri erməni işğalçıları tərəfindən işğal edilib. Yerli əhali təcavüzə məruz qalaraq doğma evlərini tərk etməli olub.
Qeyd olunan işğallar Qazax rayonunda özünümüdafiə dəstələrinin formalaşmasına səbəb olub. Rayon erməni işğalçıları ilə düyüşlərdə yüzlərlə yaralı və 263 nəfər şəhid verib, çox sayda insan əlil olub.
 
Siyasi şərhçi Fərid Şahbazlı isə “Sherg.az”a açıqlamasında Qazaxın dörd kəndinin  bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılmasını ölkəmizin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qələbəsi kimi dəyərləndirib: 

“Hadisələrin gedişi göstərir ki, Azərbaycan Prezidenti bütün prosesi zərgər dəqiqliyi, məntiqi ardıcıllıq, yüksək siyasi iradə və qətiyyətli addımları ilə davam etdirir. Cənab İlham Əliyevin həm 44 günlük Vətən müharibəsi dövründə, həm də sonrakı mərhələdə Ali Baş Komandan və prezidentlik fəaliyyəti  uzun illər tarix, diplomatiya və hərb kitablarının əsas  mövzusu olacaq. 44 günlük  Vətən müharibəsində ordumuzun həyata keçirdiyi  əməliyyatlar, göstərdikləri böyük fədakarlıq və qəhrəmanlıq bizim qələbəmizi təmin edib.  Vətən müharibəsindən sonra Ağdam, Kəlbəcər, Laçın rayonlarının,  daha sonra isə erməni işğalında qalan digər kəndlərin bir güllə atılmadan işğaldan azad edilməsi də məhz İlham Əliyevin bir diplomatik bacarığının göstəricisidir. Bütün ehtimalların və narahatlıqların əksinə olaraq  rus sülhməramlılarının  vaxtından əvvəl ərazilərimizi tərk  etməsi də Azərbaycan dövlətinin mühüm qələbəsidir.  
 Qısası, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ötən il suverenliyimizin tam bərpa edilməsi, bu günlərdə Rusiya sülhməramlılarının bölgədən çıxarılması, ardınca isə kəndlərin qaytarılması tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin təqdimatlarıdır. Qazax rayonunun işğal altında olan kəndlərinin qaytarılması məsələsi Azərbaycan tarixi Zəfərə imza atdığı 2020-ci ildən gündəmdədir. Prezident İlham Əliyev bu məsələni daim gündəlikdə saxladı və ardıcıl iş aparıldı. Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Günümüzün reallıqları belə bir qənaətə əsas verir ki, tarixi Zəfərimizdən sonra ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesi artıq yaxınlaşır. Hesab edirəm ki, qərb dairələri nə qədər regionumuzdan uzaq qalsalar, sülh və təhlükəsizik bir o qədər tez təmin edilər. An etibarı ilə  Azərbaycan və Ermənistan sərhədinin ilk demarkasiyası həyata keçirildi və  bu, Bakı və İrəvanın problemlərini ikitərəfli formatda həll etməsi presedentini yaradır”.