İslamabadda Ceyhun Bayramovla Pakistan XİN rəhbəri arasında görüş keçirilib - YENİLƏNİB

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, iki nazir arasında təkbətək görüşdən sonra, geniştərkibli formatda nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşdə nazirlər Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirərək, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin iki ölkə arasında bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi təkan verdiyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı, 44 günlük Vətən müharibəsində, eləcə də müharibədən sonrakı dövrdə Azərbaycana göstərdiyi güclü siyasi və mənəvi dəstəyə görə Pakistana minnətdarlığını bildirib.

Görüşdə nazir Ceyhun Bayramov Cammu və Kəşmirlə bağlı Azərbaycan Respublikasının prinsipial mövqeyinin bu problemin beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslandığını vurğulayıb.

Tərəflər iki ölkə arasında energetika, informasiya texnologiyaları, əczaçılıq, ağır və yüngül sənaye, kimya, kənd təsərrüfatı, turizm, nəqliyyat, müdafiə, təhsil, humanitar və digər sahələrdə hərtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb. İki ölkə arasında birbaşa uçuşların turizmin və insanlar arasında əlaqələrin inkişafına geniş töhvə verdiyi diqqətə çatdırılıb.

Təhsil və humanitar sahədə əməkdaşlıq əlaqələrinin inkişafı, hər iki ölkədə təhsil müəssisələrində fəaliyyət göstərən dil və mədəniyyət mərkəzlərinin mövcudluğu, təlim proqramları məmnunluqla qeyd olunub.

Nazirlər Azərbaycanla Pakistan arasında Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin daha da dərinləşməsi və qarşılıqlı sərmayələrin artırılması baxımından vacibliyini qeyd ediblər.

Görüşdə tərəflər Azərbaycanın Pakistanla müvafiq beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıblar.

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP) ev sahibliyinin müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Nazir Ceyhun Bayramov həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi, post-münaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, eləcə də mina təhdidi barədə geniş məlumat verib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli görüşlərdən sonra, hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.

***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun pakistanlı həmkarı ilə təkbətək və geniş tərkibli görüşü olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, XİN rəhbəri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində
Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darla görüşdə müxtəlif mövzular ətrafında geniş müzakirələr aparıb.

Tərəflər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində hədəfləri bölüşüblər.

"Görüşlərdə regional və qlobal səviyyədə hər iki ölkənin mövqelərini daha da möhkəmləndirən çoxtərəfli əməkdaşlıq gündəmdə əsas yer tutub", - XİN-dən bildirilib.

***
İslamabadda xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında görüş keçirilir.

APA xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Görüş çərçivəsində iki tərəfli əlaqələrin və regional məsələlərin müzakirəsi nəzərdə tutulub.