Bononun Qafqaz səfəri: ABŞ regionda gedən proseslərdə iştirak edir -ŞƏRH

Xarici İşlər Nazirliyindən yayılan məlumata görə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu Ermənistanla sülh danışıqları barədə məlumatlandırıb.
Məlumatda bildirilib ki, görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son inkişaflar barədə ətraflı məlumatlandırılıb.
Ceyhun Bayramov, xüsusilə delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha təsdiq etdiyini vurğulayıb.
10-11 may 2024-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində konstuktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi vurğulanıb.
Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə öz növbəsində ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Politoloq İlyas Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında sülhün, təhlükəsizliyin, sabitliyin əldə olunmasında maraqlı dövlət kimi çıxış edir:

"ABŞ uzun müddətdir ki, regionda gedən proseslərdə iştirak edir və bunu gizlətmir. Bu da ABŞ-nin bölgə dövlətləri ilə müxtəlif platformalarda görüşlərlə səciyyələnirdi. Hazırda Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya prosesləri davam edir. Bu Azərbaycan və Ermənistanın üçüncü dövlətə ehtiyac olmadan razılaşa biləcəyinin göstəricisidir. Düşünürəm ki, bu səbəbdən Vaşinqtonda bu nəticələri ancaq təqdir edə bilər. Əgər ABŞ proseslərə yön verməyə çalışarsa, bu region dövlətləri tərəfindən yaxşı qarşılanmayacaq. Hazırda Qafqazda antirusiya ritorikası aparan tək dövlət Ermənistandır. Rusiya bu səbəbdən Qafqazda nüfuzunu gücləndirməyə çalışır. ABŞ əlbəttəki buna imkan vermək istəmir.  Bu səbəbdən Lui Bononun Qafqaz səfəri bizim üçün olduqca əhəmiyyətli məsələdir".