Asəf Quliyev: Sülh müqaviləsinin bağlanması Rusiyaya sərf etmir

Rusiyanın təsir dairəsində olan erməni politoloqların, siyasətçilərin əksəriyyəti prosesə qarşı çıxırlar
 
“5-ci kolon” nümayəndələri də hər fürsətdən istifadə edib prosesi ləngitməyə çalışırlar”
 
 
 Erməni politoloq Stepan Danielyan Türkiyə rəsmilərinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanması arzularını ifadə etməsini “tələskənlik” kimi qiymətləndirib. Danielyan “türklərin niyə tələsdiyini” anlamağa çalışıb. O bildirib ki, mümkün variantlar - Ukrayna müharibəsinin dondurulması, İranda hakimiyyətin ötürülməsi və xarici siyasətdə dəyişiklik, Ermənistanın baş naziri və komandasının hakimiyyəti itirməsi ola bilər. “Yaxın aylarda beynəlxalq konfiqurasiyanı dəyişə biləcək fundamental hadisələr gözlənilir”, - o iddia edib. Qeyd edək ki, Türkiyə rəsmilərinin vaxtaşırı olaraq Ermənistanla Azərbaycan arasında tezliklə sülh sazişi imzalamasını arzulamasının səbəbi regionda sabitlik və iqtisadi inkişaf üçün yaranan tarixi fürsətdir. Erməni müxaliflər isə “fundamental dəyişiklik” gözləyərək, regiona növbəti qeyri-stabilliyin gəlişini arzulayırlar.
 
Araşdırmaçı-jurnalist Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanda Azərbaycanla münasibətərin normallaşması prosesinə qarşı çıxanların əks arqumenti demək olar ki, yoxdur. Sülh istəməyən qüvvələrin heç bir adekvat təklifi yoxdur:
"Hesab edirəm ki, sözügedən şərhi verən erməni politoloqu araşdırsaq, hansısa ölkənin “5-ci kolon” üzvü çıxacaq.  Rusiyanın təsir dairəsində olan erməni  politoloqların, siyasətçilərin əksəriyyəti Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını dəstəkləmir və prosesə qarşı çıxırlar. Bunun da səbəbi və məqsədi aydın məsələdir ki,  Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması Rusiyaya sərf eləmir. “5-ci kolon” nümayəndələri də hər fürsətdən istifadə edib prosesi ləngitməyə çalışırlar”.  

 Bölgədə hansısa bir “fundamental dəyişiklik” olacağı təqdirdə bunun sülh prosesinə təsirinə gəldikdə isə A.Quliyev deyib ki, mövcud danışıqlar fonunda mövcud olan sülh bəyanatı heç bir halda gündəmdən çıxarıla bilməz: 
“Müəyyən mənada prosesin zəifləməsi və yaxud ləngiməsinə təsir edən hadisələr ola bilər. Amma heç bir tərəf sülhdən imtina etmək niyyətində deyil. Ermənistanda sülhə qarşı çıxan qüvvələr isə hələ də anlamır ki, son nəticədə uduzan erməni xalqı olacaq. Halbuki indiki reallıqda Sülh müqaviləsinin imzalanmasında Ermənistan daha çox maraqlı olmalıdır. Ermənistanın uzun illərdir apardığı xarici siyasət ölkəni regiondakı bir sıra nəqliyyat layihələrindən kənar qoyub.  
Sülh müqaviləsinin imzalanması isə Türkiyə və Azərbaycanla sərhədlərin açılması deməkdir. Onlar  iqtisadi vəziyyətini yeni əməkdaşlıq formatlarına qatılmaqla, kommunikasiyaların açılmasına nail olmaqla yaxşılaşdıra bilər”.