OPEC Baş katibi: Azərbaycan bərpa olunan enerji istehsalına böyük önəm verir

Neft tək enerji deyil, müxtəlif plastik məhsullardır, o cümlədən tibb məhsullarının hazırlanmasında da istifadə edilir.
Bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysı Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin “Caspian Power”in açılış mərasimində bildirib.

Haysam Əl-Qaysı qeyd edib ki, COP28-də əldə olunan uğurlara görə BƏƏ-ni təbrik edir, COP29-un da uğurlu olacağına inanır:

“Bu istiqamətdə Azərbaycanın, Prezident İlham Əliyevin proqressiv yanaşmasını yüksək dəyərləndiririk. Milyardlarla insan hələ də enerjidən məhrumdur. Bir çox insan hələ də yaşadıqları ölkədən başqa ölkəyə səfər etməyiblər”.

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qaysı bildirib ki, Azərbaycan da bərpa olunan enerji istehsalına böyük önəm verir:

“Biz Azərbaycanın ambisiyalı planını alqışlayırıq. Günəş, külək, o cümlədən dənizdə külək enerjisindən istifadə ilə bağlı planlar ambisiyalı planlardır. Enerji ilə bağlı gələcəkdə ədalətli yolu seçməliyik. Əminəm ki, Azərbaycan bütün bunların əhəmiyyətini çox yaxşı anlayır. Xüsusən Bakı, Azərbaycan enerji sahəsində bir çox ilklərə imza atıb. Azərbaycan neftin qiymətini bilir, indiyə qədər dünyaya verdiyi töhfələri yaxşı bilir”.