Ermənistan konstitusiya dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşacaq -ŞƏRH

Bakı və İrəvan müharibədən qaça biləcəkmi?
Axar.az xəbər verir ki, bu barədə ingilis politoloq, qafqazşünas Tomas de Vaal “Foreign Affairs” jurnalında dərc edilən məqaləsində bildirib.
Onun fikrincə, bu, əsasən, Qərb dövlətlərinin Ukraynadakı öhdəliklərinə baxmayaraq, iki ölkə arasındakı nizamlanmanı təmin etmək üçün nə dərəcədə siyasi və maliyyə resursları yatırmağa hazır olmasından asılıdır.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov "Sherg.az"a açıqlamasında deyib ki, Qərb dövlətləri içərisində proseslərə həm ədalətli, həm də ədalətsiz yanaşan ölkələr var:
"Qlobal səviyyədə sülhdən, ədalətdən yana olanlar Cənubi Qafqaz regionunda sülh proseslərini dəstəkləyir. Lakin başda Fransa olmaqla bir sıra qüvvələr erməni lobbisinin də təsiri ilə anti-azərbaycan mövqe nümayiş etdirir. Əlbəttəki bu qəbul edilməzdir. Biz öz gücümüzlə ərazi bütövlüyümüzü bərpa etmişik. Bu yoldan bizi heç kim döndərə bilməyəcək. Hazırda rəsmi Bakı-İrəvan sülh proseslərinin reallaşması üçün mühüm addımlar atıb. Tərəflər arasında hərbiçilərin mübadiləsinin həyata keçirilməsi, delimitasiya komissiyasının yaradılması və fəaliyyətə başlaması, Qazaxın 4 kəndi ilə bağlı razılaşma kimi prosesləri ikitərəfli qaydada vasitəçi olmadan həyata keçirib". 

Ekspert əlavə edib ki, hazırda Azərbaycan-Ermənistan arasında sülhün imzalanması üçün  həll edilməyi gözləyən bir sıra problemlər var:
"Bu problemlərin başında Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmasıdır. Konstitusiya bir ölkənin imzaladığı bütün beynəlxalq sənədlərdən üstündür. Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə orada konstitusiya zidd məqamlar olarsa, saziş qüvvədən düşmüş hesab olunur. Əgər Ermənistan konstitusiyası dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşmış olacaq".