Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu artır -RƏY

Eyni zamanda, Azərbaycan regional təhlükəsizliyin formalaşmasına xüsusi dəstək və töhfə verən ölkədir

“Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır. Yəni, bu gün qazımızı idxal edən 8 ölkə Avropa ölkəsidir”. Bu sözləri Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında söyləyib. Dövlət başçısı qeyd edib ki, təchizatımızın coğrafiyası bundan sonra genişlənəcək: “Biz bir sıra ölkələrlə fəal danışıqlar mərhələsindəyik. Onların da Azərbaycan qazına ehtiyacı var. Biz onların enerji təhlükəsizliyini təmin edəcəyik”.

Qeyd edək ki, sözügedən tədbirdə  ABŞ Prezidenti Cozef Baydenin iştirakçılara ünvanladığı məktub oxunub. C. Bayden məktubunda  Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin sütunu adlandırıb. 
Məktubu ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kemian oxuyub. C.Bayden qeyd edib ki, Xəzər dənizinin qazı getdikcə daha çox ölkələrə tədarük edilir və bu da Avropaya enerji mənbələrini şaxələndirməyə, kömür istifadəsindən uzaqlaşmağı sürətləndirməyə kömək edir: “Azərbaycan enerji tarixi ilə bağlı növbəti fəsli yazmağa hazırlaşarkən, “təmiz enerji”yə, metanın azaldılmasına artan diqqət və öhdəlik məni ruhlandırır. Xəzər dənizinin külək enerjisinin əhəmiyyətli potensialı gələcəkdə Azərbaycanın “təmiz enerji” ixracının neft-qaz ixracını üstələməsi ilə nəticələnə bilər”.

Millət vəkili Vüqar Bayramov da “Sherg.az”a açıqlamasında  deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdəndir. Son illər Azərbaycanın Avropanın enerji təminatında rolunun yalnız neftlə deyil, eyni zamanda, mavi qaz ixracatı ilə də artması müşahidə olunur:
“Azərbaycanla  Avropa İttifaqı arasında mavi qaz ixracının genişləndirilməsi müşahidə edilir . 2021-ci ildə 8.5 milyard  kub metr qaz nəql edilmişdisə, 2022-ci ildə Azərbaycan Avropaya təbii qaz ixracatı 40 faiz artaraq 11,4 milyard  kub metr olub.  Keçən ilin yanvar ayında Azərbaycanın Avropaya mavi qaz ixracatı 25 faiz artıb. Bu isə 13 milyard kub metrdən artıq  mavi qazın Avropa bazarlarına çıxarılacağı gözlənilir ki, bu da tərəflər arasında əməkdaşlığın genişlənməsindən xəbər verir . Bu onu göstərir ki, Azərbaycan Cənub Qaz Dəhlizinin birinci mərhələsinə uyğun olaraq, daha qısa zamanda Avropanın mavi qaz təminatı ilə bağlı limitinə çata bilib. 2027-ci ildən etibarən Azərbaycan Avropaya mavi qaz ixracatını 2 dəfə artıraraq 20 milyard kub metr mavi qaz nəql etmək niyyətindədir. Bu da  Azərbaycanda mavi qaz qalan Avropa ölkələrinin sayında artım olacağını deməyə əsas verir.  Belə ki, Azərbaycan Avropa İttifaqına ən çox qaz ixrac edən ölkələr arasında ilk beşlikdədir. Növbəti dövrdə, regionda, xüsusən də Mərkəzi və Şərqi Avropada qaz əməkdaşlığının daha da genişlənəcəyi gözlənilir. Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsi ilə daha çox ölkələrin Azərbaycan mavi qazını alacağı gözlənilir”.

V.Bayramov bildirib ki, Azərbaycanın Avropanın, bütövlükdə regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu güclənməkdədir:
“Bu gün Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın xüsusi rolu var. Eyni zamanda, Azərbaycan regional təhlükəsizliyin formalaşmasına xüsusi dəstək və töhfə verən ölkədir. Bu da birbaşa Azərbaycanın regiondakı mövqeyinin və rolunun artmasından xəbər verir. Növbəti illərdə də Azərbaycan regionun, beləcə də Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfə verməkdə davam edəcək. Yalnız ənənəvi deyil, eyni zamanda, bərpa olunan mənbələrdən enerji ixracatını həyata keçirməsi də ondan xəbər verir ki, Azərbaycan artıq Avropa bazarına həm də innovativ məhsullarla, enerji məhsulları ilə daxil olacaq. Bu da bir tərəfdən Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun kəskin artmasına, eyni zamanda, Azərbaycanın enerji gəlirlərinin strukturunun diversifikasiya edilməsinə gətirib çıxaracaq”.