İlham Əliyevin xarici siyasətindən bəhs edən broşürün təqdimatı keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Prezident İlham Əliyevin xarici siyasət uğurları 2003-2023” mövzusunda yazılmış broşürün təqdimatı keçirilib.

APA-nın məlumatına görə, mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, bu vəsaitdə dövlət başçısının son 20 ildəki xarici səfərləri, həyata keçirilən beynəlxalq layihələrlə bağlı informasiya yer alıb.

“Bu broşürün nəşr olunmasında məqsəd təkcə 20 illik xronologiyaya nəzər salmaq yox, bu dövrdə həyata keçirilən xarici siyasət, ölkəmizin enerji siyasəti, Qoşulmama Hərəkatı çərçivəsində fəaliyyət, II Qarabağ müharibəsinin nəticələri və s. məsələlərlə bağlı təhlil xarakterli məlumatların geniş ictimaiyyətə çatdırılmasıdır. Vəsaitdə həmçinin 20 il ərzində diplomatik müstəvidə atılan addımlar, eləcə də ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirdiyi fəaliyyətə də geniş yer verilib”, - Fərid Şəfiyev qeyd edib.

Tədbirdə bildirilib ki, 7 bölümdən ibarət broşürda tarixi faktlara istinad edilərək ölkəmizin enerji strategiyası, nəqliyyat layihələri, eləcə də ölkəmizin tarixi Zəfərə gedən yoluna nəzər salınıb.

Mərkəzin məsləhətçisi Mətin Məmmədli vurğulayıb ki, hazırda beynəlxalq ictimaiyyətdə Vətən müharibəsində əldə etdiyimiz qələbəyə qərəzli yanaşmalar var: "Broşürda qeyd olunub ki, işğal dövrü ərzində beynəlxalq vasitəçilərin yarıtmaz fəaliyyəti nəticəsində Ermənistanla aparılan danışıqlar nəticə verməyib. 2010-cu ildən sonra Azərbaycanla Ermənistan arasındakı hərbi balans ölkəmizin xeyrinə dəyişdi və 2016-cı ilin aprel döyüşləri bu dəyişikliyi əyani şəkildə ortaya qoydu. Xüsusilə də Ermənistan Baş nazirinin ritorikası və cəbhədə törədilən təxribatlar ölkəmizə tam əsas verdi ki, torpaqlarını güc yolu ilə azad etsin. Nəticədə Azərbaycan həm döyüş meydanında, həm də diplomatik cəbhədə öz üstünlüyünü təmin etdi. Azərbaycan postsovet məkanında ərazi bütövlüyünü öz gücünə bərpa edən yeganə dövlətdir”.

Tədbirdə həmçinin "Azərbaycanın uğurlu enerji strategiyası və yaşıl iqtisadiyyata keçid" mövzusunda məruzə dinlənilib.

Təqdimat mərasimi sual-cavab sessiyası ilə davam etdirilib.