Elnur Eltürk: Son illər Macarıstan-Azərbaycan əlaqələri inkişaf edir

Mayın 5-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə macarıstanlı həmkarı Peter Siyarto arasında görüş keçirilib. Nazir C.Bayramov görüşdən sonra keçirilən mətbuat konfransında bildirib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın əsas istiqamətləri, o cümlədən iqtisadiyyat, investisiya və enerji sahələrində müzakirələr aparılıb.

 Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk "Sherg.az"a açıqlamasında deyib ki, Son illər Macarıstan-Azərbaycan əlaqələri inkişaf edir:

"Macarıstan istər Türk Dövlətlər Təşkilatı, istərsə də, beynəlxalq təşkilatları çərçivəsində Azərbaycanla əməkdaşlıq edir. Hər iki qardaş dövlət beynəlxalq müstəvidə bir-birini müdafiə edir. Qarşılıqlı səfərlər intensivləşib. Ortaq iqtisadi əlaqələrin inkişafı sürətlənib. Hətta siyasi əlaqələri də bura əlavə edə bilərik. Hər iki ölkənin siyasi liderləri arasında münasibətlər yüksək səviyyədədir. Qarşılıqlı hörmət əlaqələrimizin dinamikliyini qoruyub saxlayır. Macarıstan baş  naziri Viktor Orban Azərbaycanı bütün platformada dəstəklədiyini dəfələrlə bəyan edib. Macarıstan hər zaman Azərbaycanın yanında olduğunu göstərib. Əlaqələrimiz praktiki addımlarla güclənir. İki qardaş ölkənin əlaqələrinin birgə inkişafı Türk birliyinin güclənməsinə təsir göstərir.  Macarıstan TDT-də fəal rol oynayır".