Milli Məclis sədri: Türk birliyinin gücləndirilməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətini təşkil edir

Azərbaycan Respublikası ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə TÜRKPA-nın verdiyi töhfələri yüksək qiymətləndirir.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova TürkPA-nın Assambleya Şurasının 13-cü iclasında çıxışında bildirib.

Sahibə Qafarova deyib ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın və dövlətlərimizin ümumi məqsədlər ətrafında daha da sıx birləşməsində TÜRKPA və digər inteqrasiya qurumlarımız mühüm rol oynayır: “Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Bununla əlaqədar mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamını xatırlatmaq istərdim”.

Milli Məclisin sədri qeyd edib ki, bu gün Parlament Assambleyasının plenar iclası keçiriləcək: “Plenar iclas üçün seçilmiş mövzu çox aktualdır. Noyabr ayında Bakı qlobal iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində ən böyük beynəlxalq tədbir olan COP29 Konfransına ev sahibliyi edəcək və bu istiqamətdə göstərilən beynəlxalq səylərin mərkəzi platformasına çevriləcək. TÜRKPA-nın plenar iclasında “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” ilə bağlı aparacağımız müzakirələr və qəbul edəcəyimiz qərarlar iqlim dəyişmələrinə qarşı mübarizəyə, ölkələrimizin yaşıl enerji sahəsində əməkdaşlığına parlament dəstəyimizin ifadəsi olacaq”.

Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan parlamenti Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir: “TÜRKPA-nın Bakıda yerləşən Katibliyinin fəaliyyəti də parlamentimizin daim diqqətindədir. Biz Katibliyi bundan sonra da fəal surətdə dəstəkləyəcəyik”.