Qazaxıstan müasir dünyaya inteqrasiya edən azad ölkədir - ŞƏRH

Astana öz iqtisadiyyatını risk altında qoymamaq üçün sanksiyalar rejiminə əməl etməyə məcburdur

  "Astana potensial sanksiyalar təzyiqinə tab gətirməyəcək, ona görə də ölkə ABŞ və Aİ ilə dialoq aparır”. Bu sözləri Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarin deyib. O bildirib ki, Astana anti-Rusiya sanksiyalarını dəstəkləmir, lakin iqtisadi baxımdan faydalı olduğu üçün onlara əməl edir: “Biz koalisiyaların üzvü deyilik, birtərəfli sanksiyalar siyasətini dəstəkləmirik. Lakin iqtisadi baxımdan bizə faydalı olduğu üçün ona əməl edəcəyik. Bizim kiçik iqtisadiyyatımız var, sanksiyaların təzyiqinə tab gətirməyəcəyik. Ona görə də biz daim dialoqdayıq, ABŞ və Avropa İttifaqı ilə birbaşa işləyən mərkəzlərimiz var”. Eyni zamanda Serik Jumanqarin bildirib ki, ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən Qazaxıstanda artıq bir çox logistika və ticarət zəncirləri qırılıb.
  Politoloq İlqar Vəlizadə isə “Sherg.az"a açıqlamasında deyib ki, Qazaxıstan rəsmiləri tərəfindən bu tipli açıqlamalar tez-tez səsləndirilir:

“Bu da başadüşüləndir. Qazaxıstan öz iqtisadiyyatını risk altında qoymamaq üçün sanksiyalar rejiminə əməl etməyə məcburdur. Rusiya ilə sıx iqtisadi, ticari, mədəni əlaqələrinə və yaxın qonşuluq münasibətlərinə baxmayaraq, Qazaxıstan müstəqil xarici siyasəti olan, müasir dünyaya inteqrasiya edən azad ölkədir. Bu səbəbdən də bütün müstəqil dövlətlər kimi Qazaxıstan da hər şeydən öncə öz milli maraqlarını qoruyur və tamamilə haqlı olaraq digər dövlətlərlə münasibətlərini də bunun üzərində qurur. Hətta seçim sadəcə Qazaxıstana yox, Belarusiyanı çıxmaqla bütün postsovet ölkələri üçün aktualdır. Ona görə də Qazaxıstanın anti-Rusiya sanksiyalarına qoşulmasının iki dövlət arasındakı münasibətlərə hansısa mənfi təsirinin olacağını zənn etmirəm. Əksinə, sanksiyalardan kənar formada əlaqələri inkişaf etdirməyin yolunu axtaracaqlar. Bu istiqamətdə bir müddətdir danışıqlar da gedir. Çünki hər iki ölkənin iqtisadiyyatı bir-birindən asılıdır”.