Politoloq: Ermənistanın müstəqil xarici siyasəti yoxdur

Hakimiyyət ABŞ və Fransadan gələn təlimatlar əsasında hərəkət edir
 
 
 Ermənistanda daxili çəkişmə kritik həddə çatıb. Qazax rayonu ilə həmsərhəd olan  erməni kəndlərindən başlayan “Vətən naminə Tavuş” Hərəkatı işğalçı ölkənin hər yerinə yayılıb. Mülki vətəndaşlardan tutmuş siyasi qüvvələrlərə qədər, parlamentdəki müxalifət fraksiyalar belə Paşinyan hökumətini fəaliyyətsizlikdə, həmçinin konstitusiyanı pozmaqda ittiham edir.
 Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa tələbi irəli sürüldükdən sonra isə vəziyyət daha da gərginləşib. "Vətən naminə Tavuş" Hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında keçirilən mitinq və itaətsizlik aksiyalarında hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Son günlər etiraz aksiyaları zamanı bəzi fəallara qarşı polisə müqavimət, yaxud zorakılığa çağırış ittihamı ilə cinayət işləri açılıb.
 Aksiyaçılar polisə butulka atıb və polis kordonunu yararaq, parlamentə hücum etməyə çalışıb. Polisin reaksiyası isə gözləniləndən daha sərt və amansız olub, səs və tüstü qumbaralarından da istifadə edilib. Nəticədə 17 polis, 98 aksiya iştirakçısı yaralanıb.
 
Siyasi şərhçi Azər Həsrətin “Sherg.az”a açıqlamasına görə,  Ermənistanda baş verən hadisələr qərbin demokratiya dəllallarının necə ikiüzlü olduğunun bariz sübutudur: 
“Ölkədə baş verənləri dünyaya demokratiya göstəriciləri kimi sırımağa çalışan Ermənistan hakimiyyəti etirazçılara qarşı zor tətbiq etməkdən çəkinmir. Polis azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirib. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılıb. Xüsusən, Avropa təsisatları Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulmasına göz yumurlar. Özünü demokratiya və insan hüquqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar, nədənsə, baş verənlərə biganə yanaşırlar.   Beynəlxalq təşkilatlar hadisələrə o dərəcədə görməzdən yanaşırlar ki, hətta peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə qarşı törədilən zorakılıqlara göz yumurlar. Aksiyanı dağıtmaq üçün polisin törətdiyi qanunsuz hərəkətlər heç kimi narahat etmir.
Əksinə, ABŞ-nin Ermənistandakı səfirliyi etirazçılara çağırış edir ki, zorakılıqdan qaçmaqla sərbəst toplaşmaq hüququndan məsuliyyətlə istifadə etsinlər. Aksiya iştirakçılarına qarşı şiddət göstərən polisə, onların həbsinə göstəriş verən dövlətə isə bir kəlmə “gözün üstündə qaşın var” demirlər”.
 
Siyasi şərhçinin sözlərinə görə, Ermənistandan fərqli olaraq Cənubi Qafqazın digər respublikaları olan Azərbaycan və Gürcüstanda ən xırda pozuntular dərhal fakt kimi qeydə alınır, etiraz dolu bəyanatlar səsləndirilir: 
“Azərbaycanda dövlət maraqlarını satan, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüquq-mühafizə orqanları hər hansı bir tədbir həyata keçirən zaman ABŞ və Qərb ölkələri başda olmaqla, bir çox təşkilatlar dayanmadan bəyanatlar verməyə başlayırlar. Əksər hallarda isə proses haqqında məlumatları olmadan dövlətimizə qarşı ittihamlar irəli sürürlər.
 Azərbaycan polisinin razılaşdırılmamış  mitinqlərdə  kobud surətdə ictimai asayişi pozan şəxslərə qarşı  qanunla müəyyən olunmuş şəkildə davranmasına rəğmən ABŞ və onun yedəyindəki qərb dövlətləri Azərbaycan dövlətini yerdən-yerə vurur ki, insan haqları pozulur, aksiyaçılara qarşı repressiya həyata keçirilir.
 Çünki Azərbaycan sərbəst, müstəqil və öz milli maraqlarına uyğun xarici siyasət yürüdür. Qərb ölkələri Azərbaycanı öz marginal maraqlarının təmin olunması üçün alətə çevirə bilməyiblər. Azərbaycan öz haqlı mövqeyini inamlı müdafiə edib, ən əsası da Azərbaycana qarşı atılan bütün qərəzli addımlar fiaskoya uğrayıb. Azərbaycandan fərqli olaraq Ermənistan müstəqil xarici siyasət həyata keçirmək iradəsinə sahib deyil. Ermənistan hakimiyyəti ABŞ və Fransadan gələn təlimatlar əsasında hərəkət edirlər.
 Ermənistandan bir alət kimi istifadə olunmağın müqabilində Azərbaycana qarşı qərəzli mövqe sərgilənir. Amma bütün bunlar Azərbaycanın mövqeyinə təsir etməyəcək” .