"Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir"

"Uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur"

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

  Məktəblilərin asudə vaxtının səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Çünki sağlam əqidənin formalaşması, güclü iradənin inkişafı, müsbət əxlaqi keyfiyyətlərə yiyələnmə və ümumiyyətlə, sağlam gəncliyin təməli düzgün təşkil olunmuş asudə vaxtdan da asılıdır. Şagirdlərin məktəb mühitində əldə etdikləri bilik, bacarıq və vərdişlər qədər dərsdənkənar fəaliyyətləri də onların hərtərəfli şəxsiyyət kimi formalaşmasının bir parçasıdır. Məktəblilərin boş vaxtlarının səmərəli təşkili ilə bağlı həyata keçirilən bu proqramlar onların milli-mənlik şüurunun inkişafına və vətənpərvərlik hisslərinin artmasına böyük təsir göstərir. Məktəblilər bilməlidir ki, asudə vaxt heç bir şeylə əvəz edilə bilməyən mənəvi sərvətdir və onun şəxsiyyətin mənəvi inkişafında rolu xüsusilə böyükdür. Hər bir yeniyetmə və gənc asudə vaxtdan həm özü üçün, həm də cəmiyyət üçün ağılla, faydalı istifadə etməlidir. Hər bir yeniyetmə və gənc özünün gündəlik, həftəlik və illik istirahət rejimini ağılla qurmağı bacarmalıdır.
  Elmi və bədii əsərlərin mütaliəsi, muzey və sərgilərdə olmaq, ekskursiyalara, kino və teatrlara getmək, idman və musiqi ilə məşğul olmaq məktəblilərin asudə vaxtlarının əsas strukturunu təşkil edir. Mütaliə məktəblilərin mənəvi kamilləşməsinə xidmət edir; gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşmasına təsir göstərir və onlarda dünyagörüşünü zənginləşdirir; dövlətə, dövlətçiliyə, vətənə, xalqa bağlılıq hisslərini aşılayır. Ona görə də məktəblilərin boş zamanlarında onlarda mütaliə mədəniyyəti formalaşdırmaq vacib hesab edilməlidir.
  Məktəblilərin asudə vaxtının illik həcminin əhəmiyyətli hissəsini yay tətili təşkil edir. İyun ayının 14-dən də məktəblilərin yay tətili başlayıb. Tədris ili boyunca dərs oxuyan, imtahan və digər sınaqlardan keçən şagirdlər psixoloji və zehni yoğunluqdan qurtarmaq üçün yay istirahətinə ehtiyac duyurlar. Ona görə də uşaqların asudə vaxtının, xüsusilə də yay istirahətinin rasional təşkili üçün keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Uşaqların asudə vaxtının səmərəli təşkili onları zərərli vərdişlərdən də uzaq tutur. Əks halda uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur. Ekspertlərin fikrincə, tətilin maraqlı və səmərəli təşkili uşaqların yeni dərs ilində daha enerjili olmasına kömək edir. Belə ki, maraqlı, əyləncəli tətil keçirən, dincələn uşaqlar dərs ilinə həvəslə hazırlaşırlar.
  Yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları naminə səmərəli keçirməlidirlər.
  Psixoloqlar yay tətilini uşağın istirahət edərək keçirməsinin vacib olduğunu vurğulayıblar. Bununla yanaşı, dərslərdən tam mənasıyla soyumasına imkan verməyən tətil planı tutulmasının doğru olacağını söyləyirlər. Məktəb açıldığı zaman uşağın adaptasiya sıxıntısı yaşamaması üçün mövzunun təkrar edilməsinin faydalı olacağını ifadə edən psixoloqlar çoxlu kitab oxumağı məsləhət görürlər.
  Təhsil eksperti Kamran Əsədovun “Sherg.az"a açıqlamasına görə, şagirdlərin yay tətillərinin səmərəli keçməsi, dövlət və cəmiyyət olaraq hər birimizin diqqətində olmalıdır:

“Əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. Ekspert bildirir ki, indi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir. Çünki hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır. Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır.
  Mütəxəssis bildirir ki, hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur: “Çünki yay düşərgələrində, əslində, maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları toplayıb, gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi”.
  K.Əsədov qeyd edib ki, Azərbaycan 1992-ci ildən BMT-nin uşaq hüquqları Konvensiyasına qoşulub. Bu konvensiyada göstərilib ki, uşaqların istirahət hüququ təmin edilməlidir: “Bu gün uşaqlarımız yay tətilində valideynləri ilə dənizə çimməyə və yaxud meşələrə, çaylara gedirlər. Bu səfərlər zamanı uşaqlar yaşlarına uyğun olmayan mənzərə ilə qarşılaşırlar. Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır”. Ekspertin fikrincə, düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına hazırda düşən düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz: “Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, rayon təhsil şöbələri, şəhər təhsil şöbələri tərəfindən həyata keçirilməlidir. Və hətta ilin əvvəlində şagirdlərə “təlimdə yüksək göstəricilər göstərən şagirdlər olimpiadaların, yarışların, buraxılış imtahanlarını yüksək səviyyədə keçmiş uşaqlar ilin sonunda düşərgələrə göndəriləcək” xəbərdarlığı edilməlidir. Uşaqlar üçün yüksək səviyyəli yay düşərgələri yaradılmalıdır. Bu həm də, əlavə iş yeri deməkdir. Azərbaycanda hazırda 160 min tələbə var. Demək olar ki, onların hamısı işsizdir. Onların 70 faizi regionlardan gələnlərdir. Yaxşı olardı ki, 3 ay ərzində həmin tələbələr boş qalmasın deyə, əlavə gəlir əldə etsinlər deyə, aidiyyəti qurumlar layihələr hazırlasın. Yaxşı olardı ki, Təhsil Nazirliyi, təhsil şöbələri, məktəb direktorları bu sahədə çalışsınlar. Bu, Azərbaycan təhsilində inqilabi bir addım olar. Hesab edirəm ki, şagirdlərin fiziki-mənəvi inkişafının düzgün formalaşmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında, məktəblilər arasında dostluq münasibətlərinin qurulmasında, ölkəmizin ayrı-ayrı səfalı bölgələrinin tanınmasında Yay İstirahət Düşərgələrinin əvəzsiz xidmətləri ola bilər”.