ABŞ rəsmisi: ABŞ iqlimlə bağlı fəaliyyətlərdə iştiraka davam edəcək

ABŞ administrasiyası, əlbəttə ki, iqlim fəaliyyətlərində iştirak etməyə davam edir və bunu bu və ya digər dərəcədə davam etdirəcək.
Bunu “Report”un sualını cavablandırarkən ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Bildiyiniz kimi, əvvəlki administrasiya Paris Sazişindən çıxmışdı. Hazırkı prezidentin ilk addımlarından biri sazişə yenidən qoşulmaq və bunun üçün xüsusi struktur yaratmaq oldu. O, yaxın dostum, keçmiş dövlət katibi Con Kerrini bu vəzifəyə təyin etdi. Bu, tərəflərin bir neçə uğurlu konfrans keçirməsinə səbəb oldu. ABŞ-nin bu sahədə lider olması vacibdir”, - o bildirib.
Podestanın sözlərinə görə, ABŞ-nin Paris Sazişindən kənarda olduğu dövrdə də Birləşmiş Ştatlar, o cümlədən submilli səviyyədə, qeyri-hökumət təşkilatları, vətəndaşlar səviyyəsində prosesin bir hissəsi olmağa davam edib: “Biz işin içindəyik. Prezident Obamanın Parisdə əsasını qoyduğu yola davam edəcəyik”.