İrandan Ermənistana hədə - Zərbə endirəcəyik

Ermənipərəstliyi ilə tanınan iranlı ekspert Pouya Hüseyni erməni mediasına açıqlamasında Ermənistanı aşkar şəkildə hədələyib.
Bakupost.az xəbər verir ki, o, rus sərhədçilərin Ermənistan-İran sərhədindən 1 yanvar 2025-ci ildə tam çıxacağı və sərhədləri ermənilərin özlərinin qoruyacağı mövzusunda danışarkən buna toxunub. Hüseyni bildirib ki, sərhədlərini necə qorumaq Ermənistanın öz işidir və İran buna müdaxilə edə bilməz. Ancaq o, Rusiya kəşfiyyat orqanlarına yaxınlığı ilə tanınan “Rıbar” nəşrinin yaydığı məlumatla bağlı İranın narahatlığını da diqqətə çatdırıb.

Belə ki, “Rıbar” İranla sərhəddəki Zəngəzur vilayətində artıq ABŞ-ın iki kəşfiyyat manevr qrupu üçün mövqelər hazırlandığı, rus sərhədçilər getdikdən sonra amerikalıların ora yerləşəcəyi və İranın fəaliyyətini və xüsusilə də raketlərin buraxılışını izləyəcəklərini bildirib.

Daha sonra Hüseyni vurğulayıb ki, İran bütün qonşularına xəbərdarlıq edib ki, öz ərazilərini antiiran əməliyyatları məkanına çevirməsinlər:

“Zəngəzurda belə bir şey olarsa, İran öz ərazilərini qorumaq üçün həmin nöqtələrə zəbə endirəcək. Bu, İranın qanuni legetim hədəfidir. Ermənistanın İranla belə bir qarşıdurmaya gedəcəyini düşünmürəm. Əgər İrəvan buna getsə, bu, şübhəsiz ki, Ermənistanın milli təhlükəsizliyinə ziddir və nəticədə hər iki ölkə üçün pis nəticələnəcək”.