Azərbaycan-ABŞ mübasibətləri: Vaşinqtonda hələ də reallığı itirməyən siyasətçilər var

Dekabrın 6-da xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq münasibətlərlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Azərbaycanın cari ilin noyabr ayında ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-ABŞ əməkdaşlığı yüksək qiymətləndirilib.

Nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib. Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi şərhçi Kazım Kazımov "Sherg.az"a deyib ki, Azərbaycan və ABŞ arasında münasibətlər cari il ərzində fərqli inkişaf edib:

"Zaman-zaman Amerikadan anti-azərbaycan çıxışlar və mənfi addımlar atmağa çalışan qüvvələrin fəallaşdığını görürük. Buna görə də Azərbaycan-ABŞ münasibətlərində müəyyən soyuma olub. Lakin Vaşinqtonda hələ də reallığı itirməyən siyasətçilər var. Digər tərəfdən ABŞ-ın yüksək çinli məmuru Entoni Blinken Prezident İlham Əliyevə zəng vurduğunu xatırlayırıq. O, iki ölkənin münasibətlərinin yaxşılaşdırılması ilə bağlı fikirlər söylədi. Bu da onu göstərir ki, Azərbaycanın artan siyasət nüfuzu Vaşinqtondan da yaxşı görünür. Digər tərəfdən ABŞ-da 2025-ci ildən daha sonrakı 4 ildə Donald Trampın rəhbərliyi altında yeni administrasiya qurulacaq. Trampın birinci prezidentliyi dövrünə baxdıqda Azərbaycan-ABŞ münasibətləri yaxşı olub. Amma son prezidentlik dövründə Trampın bir neçə dəfə daha öncə Qarabağda məskunlaşmış ermənilər haqqındakı qeyri-adekvat çıxışı narahat edicidir. Lakin bu onun sadəcə seçki dövründə populyarlıq üçün söylədiyi sözlərdən biri idi. Əslində Tramp erməni lobbisindən alət kimi istifadə edirdi. Onun dövründə ABŞ-Azərbaycan münasibətləri daha yaxşı olacaq".