Fransanın Ermənistandakı səfiri Olivye Dekottini Azərbaycanla sərhədə gəlib. Bu barədə Ermənistanla Azərbaycan sərhədindəki AB-nin müşahidə missiyası məlumat yayıb.
Məlumatda deyilir ki, Fransanın Ermənistandakı səfirini qərargahımızda qəbul etmək bizim üçün böyük şərəfdir. Səfirə missiyanın işi barədə məlumat verilib. Bildirilib ki, o, bizim fəaliyyətimizə canlı nəzarət etmək üçün Xaçık kəndinin patrul dəstəsinə də qoşulub. Qeyd edək ki, Dekottini vaxtaşırı olaraq sərhədimizə baxış keçirir.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotti özünü bir diplomatdan daha çox küçə uşağı kimi aparır:
“Artıq bununla neçənci dəfədir ki, o, Azərbaycan əleyhinə boğazdan yuxarı açıqlamalar verir. Eyni zamanda ölkəmizə qarşı yalan dolu iftiralar səsləndirir. Çünki Dekotti Azərbaycana olan düşmənçiliyini özünün həyat missiyasına çevirib. Bütün bunlar bizim üçün məqbul və qəbuledilən hadisə deyil. Güman edirəm ki, Fransanın Ermənistandakı səfirinin Azərbaycanla sərhəddə gedərək Avropa İttifaqının binokl oyunçusu kimi çıxış etməsi rəsmi Bakını qıcıqlandırmaq məqsədi daşıyır. Bu gün Ermənistan ərazilərindəki Avropa İttifaqı missiyası adı altındakı şər yuvası birmənalı şəkildə Fransanın dəstəkləri ilə mövcuddur. Hamı yaxşı bilir ki, orada hansısa mülki missiyadan söhbət gedə bilməz. Sadəcə olaraq ölkəmiz əleyhinə ciddi oyun qurmağa çalışırlar və Ermənistan ərazilərini kəşfiyyat plazdarmına çevirirlər. Görünən odur ki, Fransanın Ermənistandakı səfiri də bu gün üzərinə düşən dırnaqarası vəzifələri yerinə yetirir”.