Bakının prinsipial şərtləri: Ermənistan mütləq şəkildə öz konstitusiyasında dəyişiklik etməlidir

Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir.
APA xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə deyib.
Nazir müavininin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas əngəl var. Onlardan biri Ermənistan Konstitusiyasındadır.
Elnur Məmmədov əlavə edib ki, “Qarabağ Ermənistanın bir hissəsidir” müddəası Ermənistan Konstitusiyasında əsas kimi qəbul olunur:
“2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan sülh təkliflərini ilk dəfə Ermənistana 2021-ci ildə edib. Müharibədə qələbə qazanan ölkə heç vaxt qarşı tərəfə sülh təklifi etmir, amma biz bunu etmişik. Biz sülhlə bağlı əsas prinsipləri hazırlamışıq. 2020-2022-ci illərdə biz Ermənistanın arzularının nə olduğunu bilmirdik. Bundan sonra biz ətraflı müzakirələr aparmışıq. Bu müzakirələr ABŞ, Rusiya və Qazaxıstanda aparılıb. Həmin müzakirələrdə sülh razılaşmasını tərtib etməyə çalışmışıq. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas maneə var. Onlardan biri Ermənistan Konstitusiyasındadır. Bu maneə Ermənistanın Müstəqillik aktında da öz əksini tapıb. "Qarabağ Ermənistanın bir hissəsidir" müddəası orada əsas kimi qəbul olunur".
Elnur Məmmədov vurğulayıb ki, 30 ildən çoxdur Ermənistan hökuməti hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib.
“Bizim sualımız odur ki, hazırda biz danışıq naminə danışıqlar aparırıq, ya yox?”, - XİN rəsmisi qeyd edib.
Elnur Məmmədov onu da bildirib ki, Ermənistan Konstitusiyasında sülhə maneə olan müddəaların mövcudluğu qarşı tərəfin diqqətinə çatdırılıb: “Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın Parlamenti onunla bağlı qərar verməli və Konstitusiya Məhkəməsi onu təsdiqləməlidir”.
Nazir müavini Azərbaycanla Ermənistanın yekun razılığa gələcəklərini və Cənubi Qafqazda sülhə nail olunacağına ümidini ifadə edib.

Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a deyib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra regionda sülh gündəliyini başlatdı:

"Biz Ermənistana sülhün imzalanması üçün şərtlərimizi də təqdim etdik. Bu gün sülhün şərtləri üzərində iş əsasında sənəd dövriyyəsi davam etməkdədir. Azərbaycan hər zaman çox dinamik şəkildə öz mövqeyini ifadə edir. Amma Ermənistan bu prosesdə də çox zaman alır. Eyni zamanda bütün vasitələrlə zamanı uzatmağa çalışır. Bakının prinsipial şərtləri var. Bunu Azərbaycan tərəfi ən ali səviyyədə bildirib. Ermənistan mütləq şəkildə öz konstitusiyasında dəyişiklik etməlidir. Bu ölkənin konstitusiyasının preambula hissəsində Azərbaycan ərazilərinə qarşı iddialar birbaşa yer alıb. Belə olan halda Azərbaycan Ermənistanla heç bir halda sülh sazişini imzalaya bilməz. Çünki Ermənistan konstitusiyasının 116-cı maddəsində göstərilir ki, Ermənistanın imzaladığı beynəlxalq sənəd ölkənin konstitusiyası ilə ziddiyyət təşkil edərsə, heç bir hüquqi qüvvəyə malik olmaz. Deməli Ermənistan konstitusiyada dəyişiklik etmədən Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə, yenə də gələcəkdə Azərbaycana qarşı çıxmaq üçün əsas saxlamağa cəhd edir. Azərbaycan bunu bildiyi üçün israrla konstitusiyada dəyişikliyin edilməsini tələb edir".

Professorun sözlərinə görə, Ermənistan sülh ritorikasında səmimidirsə, Azərbaycana qarşı ərazi iddiaları yoxdursa, konstitusiyasında dəyişiklik etməlidir. Əks halda, bütövlükdə Cənubi Qafqaz regionunda sülh olmayacaq:
"Çünki bir dövlətin qonşu dövlətə ərazi iddiaları ölkənin əsas qanununda ifadə olunubsa, bu, mütləq şəkildə münaqişə elementidir. Bu gün vəziyyət sakit olsa da, nisbi xarakter daşıyır. Ermənistan gələcəkdə ilk fürsətdə Azərbaycana qarşı çıxmağa cəhdlər edəcək. Eyni zamanda Ermənistan hərbi sahədə kənardan ciddi dəstəklənir. Fransa, ABŞ və digər ölkələr Cənubi Qafqaz regionunda yenidən gərginlik yaratmaq istəyirlər. Həmçinin Ermənistanı özlərinin geosiyasi mübarizələrinin aləti rolunda görürlər. Bu konteksdə Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə iddialar qalmaqda davam edərsə, bu, daha real olacaq. Azərbaycanın digər başlıca tələblərindən biri də ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistanın müraciəti əsasında buraxılmalıdır. Faktiki olaraq belə bil qurum mövcud deyil. Yəni de-yure ATƏT-in Minsk qrupu var. Amma onun heç bir fəaliyyəti yoxdur. Bu qurumun fəaliyyəti münaqişəni tənzimləməkdən ibarət olmayıb. Sadəcə olaraq münaqişəni idarə etməklə Ermənistana zaman qazandırmaq məqsədi daşıyır. Ermənistan bu gün Minsk qrupunun buraxılmasını istəmir. Çünki İrəvan münaqişə vəziyyətinin aradan qalxması faktı ilə barışmaq istəmir. Həmçinin bunu Ermənistanın havadarları da istəmirlər. Çünki münaqişə amili Qərb dövlətlərinə imkan verirdi ki, Cənubi Qafqaza müdaxilə imkanlarını saxlasınlar. Ona görə də gərginlik elementlərini Ermənistanın vasitəsi ilə yaratmağa çalışırlar. Ermənistan da onlardan aldığı təlimatlar əsasında münaqişə vəziyyətinin aradan qalxması faktını qəbul etmək istəmir. ATƏT-in Minsk qrupu varsa, deməli Cənubi Qafqaz regionunda Ermənistan üçün hələ də münaqişənin mövcudluğundan danışmaq üçün əsas var. Azərbaycan isə Minsk qrupunun mövcudluğuna heç bir əsas görmür. Görünən isə odur ki, Ermənistan nə konstitusiyada dəyişiklik etmək, nə də Minsk qrupunun buraxılmasını istəyir".