Sülhün əldə olunması üçün ortada ciddi prespektivlər mövcuddur -Politoloq

Rusiya Cənubi Qafqazda konstruktiv xarakterli tədbirlər həyata keçirir və bu səylər sayəsində Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşdırılması yolunda uğurla irəliləyir. Bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici dövlətlərin hərbi attaşeləri üçün keçirilən brifinqdə bildirib.
O söyləyib ki, Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya bu bölgədə konstruktiv tədbirlər həyata keçirir. Ölkəmizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşdırılması yolunda açıq-aşkar müsbət irəliləyiş əldə etməsi göz önündədir. Onun sözlərinə görə, hazırda dövlətlərarası sərhədin ən çətin sahələrindən birinin – Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasındakı xəttin demarkasiyası başa çatıb. 

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün ortada çox ciddi prespektivlər mövcuddur:

“Azərbaycan hər zaman sülh, barış və etimadın formalaşmasından yana olub. Lakin bütün bunlara baxmayaraq qarşımızda Ermənistan kimi təhlükəli bir ölkə dayanır. Ermənistanı qızışdıran Qərbin imperialist dairələri Cənubi Qafqazda iki ölkə arasındakı sülhə ən böyük maneədir. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov da Qərbin dağıdıcı hərəkətlərinin real mahiyyətini izah edib. Doğurdan da belə imperialist dairələr Azərbaycan əleyhinə qarayaxma kampaniyası həyata keçirməyə çalışırlar. Həmin Qərb dairələri ölkəmizi qaralamaq üçün Ermənistandan alət kimi istifadə edir. Ermənistan Qərb tərəfindən təkcə Azərbaycan əleyhinə deyil, eyni zamanda bölgədə olan digər güc mərkəzlərinə qarşı da plazdarma çevrilib. Bu gün Bakı və İrəvan arasında müsbət irəliləyişlər əldə etmək üçün kifayət qədər böyük məqamlar var. Bununla bağlı sadəcə Ermənistanın dövlət idarəsi yoxdur. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra sülh müqaviləsi ilə bağlı hansısa real addımların atılmağı tendensiyasını müşahidə edə bilərik. Əks halda dövlətlərarası münasibətlərdəki problem qalmaqda davam edəcək”.