Politoloq: Sülhün təminatı həm də Türkiyədi

Paşinyan gerçəklərlə barışmaq məcburiyyətindədir 


Baş nazir Ermənistan cəmiyyətini siyasi-ideoloji cəhətdən buna hazırlamağa çalışır
 
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfəri çərçivəsində Türkiyə ilə münasibətlərdən də danışıb. Baş nazir deyib ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıb. Paşinyanın sözlərinə görə, əslində, Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və tərəflər daim əlaqə saxlayır: "Biz Türkiyə ilə dialoqu davam etdiririk və davam etdirəcəyik. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki qədər fəal dialoq aparmayıb. Əslində, Türkiyə ilə ünsiyyətdə heç bir maneə yoxdur, biz daimi əlaqədəyik. Xarici işlər nazirlərimiz mütəmadi olaraq görüşür və danışırlar, nümayəndələrimiz də daimi əlaqə saxlayırlar. Çox fəal işləyirik və nə edilməli olduğu barədə ümumi bir anlayış var”. Paşinyan Ermənistan və Türkiyə arasındakı dialoqda müəyyən detallara diqqət çəkərək, konkret addımların atılmasının vacibliyini vurğulayıb: “Bəzi nüanslar var və real nəticəyə nail olmaq üçün müəyyən yekun addımlar atılmalıdır. Ümid edirik ki, nəticə çox tezliklə əldə olunacaq”. Xatırladaq ki, Ermənistan Baş naziri Davos İqtisadi Forumunda çıxışı zamanı da İrəvan-Ankara münasibətlərindən bəhs etmişdi. Baş nazir Ermənistanın Türkiyə ilə nəqliyyat əlaqələri qurmağa hazır olduğunu demişdi. Vurğulamışdı ki, İrəvan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir: "Xüsusilə, Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır. İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üzərində işləyir". 

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan və Türkiyə arasında münasibətlər birmənalı şəkildə Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən asılıdır. Analitik vurğulayıb ki, rəsmi Ankara dəfələrlə bəyan edib ki, Ermənistan Türkiyə ilə münasibətlər qurmaq istəyirsə, əvvəlcə Azərbaycanla yekun sülh sazişini imzalamalıdır: 
"Əks halda, Türkiyə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişi imzalanmadan rəsmi İrəvanla hər hansı siyasi, diplomatik və yaxud da hər hansı iqtisadi, ticari münasibətlər qurmaq niyyətində deyil. Ankara bunu prinsipial şəkildə açıq mətnlə bəyan edib. İndi ola bilsin ki, yekun sülh sazişinin mətninin hazırlanması prosesində müəyyən dəyişikliklər Paşinyan hakimiyyətində ümidlər doğurub. Yəni 17 bəndlik sazişin 15 bəndi artıq razılaşdırılıb. Geriyə iki bənd qalıb və bu iki bənd üzərində də intensiv müzakirələr gedir. Rəsmi İrəvan hesab edir ki, yaxın vaxtlarda yekun sülh sazişinin imzalanması mümkün ola bilər. Baş nazir Nikol Paşinyanın açıqlamalarında buna yönəlik eyhamlar və yaxud dolayı yönləndirmələr mövcuddur. Bu baxımdan hesab etmək olar ki, Paşinyan nəzərdə tutur ki, tezliklə Azərbaycanla yekun sülh sazişi imzalanacaq. Nəticədə Türkiyə ilə də münasibətlərin qurulması üçün maneə qalmayacaq". 

Siyasi şərhçiyə görə, təbii ki, yekun sülh sazişinin imzalanmasına qədər rəsmi İrəvan Türkiyə siyasi dairələrində müəyyən danışıqlar aparır:
 "Qarşılıqlı münasibətlərin hansı səviyyədə və hansı istiqamətlərdə olacağını artıq müəyyənləşdirməyə çalışır və sülh sazişi imzalanacağı təqdirdə Türkiyə-Ermənistan münasibətlərinin təxmini təsviri Paşinyana məlum olduğuna görə belə ümidli açıqlamalar verir. Bu baxımdan təxmin etmək olar ki, Paşinyan həm Azərbaycanla sülh sazişinin imzalanmasına, həm də Türkiyə ilə münasibətlərin qurulmasına hazırlıq mərhələsinə başlamağa cəhd göstərir. Son vaxtlar Baş nazir Nikol Paşinyanın ermənilərin uydurduğu qondarma "soyqırım"la bağlı iddiaları təkzib edən, yəni şübhə altına alan tezislər üzərindən açıqlamalar verməsi də qətiyyən boşuna deyil. Belə anlaşılır ki, Paşinyan anlayır ki, bu qondarma "erməni soyqırımı" mövzusu Türkiyə ilə münasibətlərin qarşısındakı əsas əngəllərin sırasına daxildir. Ona görə də tədricən çox hiyləgərliklə uydurulmuş erməni iddialarının boşa çıxarılması istiqamətində müəyyən açıqlamalar verir. Ermənistan cəmiyyətini siyasi-ideoloji cəhətdən buna hazırlamağa çalışır". 

E.Xalidbəyli vurğulayıb ki, hər halda Baş nazir Nikol Paşinyanın 1939-cu ilə kimi, erməni "soyqırımı" ilə bağlı mövzunun beynəlxalq gündəmdə ümumiyyətlə olmadığını vurğulaması olduqca ciddi məsələdir: 
"Ardınca bildirdi ki, erməni "soyqırımı" ilə bağlı mövzu ötən əsrin 50-ci illərində beynəlxalq gündəmdə peyda olmağa başlayıb. Eyni zamanda eyham vurdu ki, bu məsələ ilə bağlı ümumi rəyin yaranması üçün qondarma "soyqırımı" mövzusunun kimlər tərəfindən beynəlxalq gündəmə gətirildiyini dəqiqləşdirmək lazımdır. Bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Ermənistanın çox çətin vəziyyətdə olduğunu anlayır və ona görə də erməni "soyqırımı" kimi uydurma iddia ucbatından Türkiyə ilə münasibətlərin qarşısında əngəlin olmasının Ermənistan üçün təhlükəli olduğunu da anlayır. Azərbaycanla münasibətlərin qurulması qarşısında olan əngəllərin də Ermənistan üçün real təhlükə olduğunu anlayır. Çünki Ermənistan blokada şəraitindədir. Bu ölkənin inkişaf perspektivləri birmənalı şəkildə Azərbaycan və Türkiyə ilə qurulacaq qarşılıqlı münasibətlərin, xüsusilə də iqtisadi, ticari əlaqələrin səviyyəsindən birbaşa asılıdır".