Azərbaycan-Ermənistan münasibətlərində yeni dövr başlayır
Azərbaycan və Ermənistan liderləri Tiranada uzlaşmaya doğru ilk addımı atdı
Dünən Prezident İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Liderlər iki ölkə arasında münasibətlər, sülh sazişi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə XİN başçıları və digər rəsmilər də iştirak ediblər. Qeyd edək ki, Paşinyan ötən gün Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması barədə şərti ilə razı olduğunu deyib. O bildirib ki, bu, ümumilikdə, rəsmi İrəvan üçün qəbulediləndir: "Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti, belə demək olarsa, bu münaqişəni öz ərazisində bağlayıb, onu Ermənistan ərazisinə köçürmək deyil. Bunun da həlli yolu var. Bunun üçün bizim təklif etdiyimiz yol budur ki, sülh razılaşması və ATƏT-in Minsk qrupunun buraxılması barədə müraciət eyni yerdə, eyni vaxtda imzalansın". Ermənistan baş nazirinin fikrincə, bu, qarşılıqlı etimadın yaradılması və bölgədə stabilliyin qorunması üçün mühüm jest olardı. Ermənistanda “Demokratik alternativ” Partiyasının lideri Suren Surenyants da deyib ki, Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək. O iddia edib ki, Bakı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var: "Əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək". İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlıdır. AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Avropa Birliyi Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasını gözləyir: "Azərbaycan və Ermənistan razılığa gəlməyə çox yaxındırlar. Düşünürəm ki, onların bu sülh sazişini imzalaması hamının marağındadır".
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Sherg.az-a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan İTV-yə açıqlamasında özü də bildirdi ki, sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Ekspertə görə, baş nazir Azərbaycanla sülh danışıqlarının hərtərəfli davam etməsində maraqlı olduğunu göstərir:
"Yəni ən azından Paşinyanın verdiyi açıqlamalardan onun səmimi olması görünür. Sadəcə olaraq Ermənistandakı revanşist qüvvələr, xüsusən "Qarabağ klanı", keçmiş separatçılar Paşinyanı referenduma getməyə qoymurlar. Azərbaycanın sülh üçün əsas tələbi Ermənistan Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasıdır. Paşinyan isə belə bir mövqe sərgiləyir ki, sülh sazişi imzalanandan sonra Azərbaycana qarşı heç bir ərazi iddiası olmayacaq. Paşinyan vurğulayır ki, Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərara görə, Ermənistan qonşularına qarşı ərazi iddiaları ilə çıxış etmir".
Lakin S.Əsədli vurğulayıb ki, Ermənistan Konstitusiyası sülhün önündə əsas problem olaraq qalmaqdadır:
"Bu Konstitusiyada sadəcə Azərbaycana deyil, digər qonşu dövlətlərə də ərazi iddiaları əks olunub. Azərbaycan haqlı olaraq bu məsələni qabardır. Çünki sülh sazişi imzalandıqdan sonra Ermənistanda hakimiyyət dəyişsə, yeni hökumət ondan əvvəlki Paşinyan hakimiyyətinin imzaladığı sənədi legitim saymaya bilər. Amma Albaniyada baş tutmuş görüşdən bəlli oldu ki, proses ən azından üçüncü qüvvələrin, kənar vasitəçilərin müdaxiləsi olmadan ikitərəfli qaydada gedir və gedəcək. Ümid edirik, sonda Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh müqaviləsi bağlanacaq. Həmçinin Ermənistan Zəngəzur dəhlizinin açılmasında da üzərinə düşəni edəcək".