Bakının addımları tam əsaslı və məntiqlidir
Xankəndidə qanunsuz olaraq qoyulmuş erməniəsilli rusiyalı rəssam İvan (Ovanes) Ayvazovskinin abidəsinin sökülməsi Rusiya mediasının Azərbaycana qarşı təxribata start verməsi üçün bəhanə rolunu oynadı. Ayvazovskinin sözügedən büstü 2021-ci ilin dekabrında Azərbaycanın suveren ərazisində müvəqqəti yerləşdirilmiş keçmiş sülhməramlı kontingent tərəfindən onun mandatına zidd olaraq Xankəndidə yerləşdirilmişdi. Həmin abidənin və bu qəbildən olan digər qanunsuz abidələrin və tikililərin sökülməsi Azərbaycan dövlətinin suveren hüququdur. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi qondarma abidələrin saxlanılması və ya sökülməsinə heç kim kənardan göstəriş verə bilməz. Bu cür qərarlar qəbul etmək səlahiyyəti yalnız və yalnız Azərbaycan dövlətinə məxsusdur. Lakin görünən budur ki, son vaxtlar yenidən ermənipərəstlik xəstəliyinə tutulan Rusiya rəhbərliyi isə bu məsələyə tamamilə fərqli aspektdən yanaşır. Ona görə də məhz Kremlin göstərişi ilə TASS, RİA Novosti, “Kommersant”, RBK, "İzvestiya" “Gazeta.ru” və s. kimi nüfuzlu Rusiya KİV-ləri Ayvazovskinin abidəsinin sökülməsi barədə məlumat verərkən Azərbaycanın ərazi bütövlüyünü pozan və beynəlxalq səviyyədə tanınmış sərhədlərini şübhə altına alan ifadələrdən istifadə ediblər.
Politoloq İlqar Vəlizadə Sherg.az-a deyib ki, siyasi və hüquqi baxımdan Bakının addımları tam əsaslı və məntiqlidir. Ekspert qeyd edib ki, Azərbaycan tərəfi öz qanunvericiliyinə uyğun davranıb:

"Ölkə qanunvericiliyinin "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanununa əsasən, hər hansı abidə yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla ucaldıla bilər. Eyni zamanda istənilən dəyişiklik, o cümlədən abidənin sökülməsi və ya yenidən qurulması da rəsmi icazə ilə həyata keçirilə bilər. Bu hüquqi çərçivə Azərbaycanın mövqeyini legitimləşdirir. Rəssam Ayvazovskinin büstü müvafiq icazə olmadan Xankəndidə ucaldılmışdı. Onun demontajı qeyri-qanuni abidələrin azad olunmuş ərazilərdə aradan qaldırılmasına yönəlik addımdır. Həm də beynəlxalq hüquqa, o cümlədən Rusiya tərəfindən tanınan ərazilərimizdə özünü qondarma "respublika" elan etmiş rejimin fəaliyyətinin nəticələrinin aradan qaldırılmasına yönəlmiş rəsmi və qanuni bir addım idi".
İ.Vəlizadə vurğulayıb ki, belə halda Şvıdkoy və Zatulinin Azərbaycan tərəfinə siyasi təzyiq göstərmək məqsədilə yerinə yetirdikləri sifariş və çıxış etdikləri bəyanatlar ikitərəfli münasibətlərdə böhranı daha da dərinləşdirir:
"Halbuki Şvıdkoy dəfələrlə Azərbaycanda, o cümlədən Qarabağda olmuş və Ermənistanın uzunmüddətli işğalının Azərbaycan ərazilərinə vurduğu fəsadları şəxsən görmək imkanı qazanmışdı. Bu mənada Azərbaycanın addımları tam əsaslıdır və bölgənin humanitar reabilitasiya prosesinin tərkib hissəsidir".