
Uğursuz Minsk qrupu hörmətsiz şəkildə tarixə qovuşdu
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
Cənubi Qafqazda artıq “köhnə münaqişə” yoxdur
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq gündəmin ən mürəkkəb və həssas məsələlərindən birinə çevrilmişdi. Bu münaqişənin həllinə vasitəçilik məqsədilə ATƏT çərçivəsində 1992-ci ildə yaradılan Minsk Prosesi və ona bağlı qurumlar Minsk Konfransı, Fəaliyyətdə olan Sədrin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupu uzun illər ərzində fəaliyyət göstərdi.
Bu qurumun əsas məqsədi münaqişənin həllində Ermənistan və Azərbaycan arasında diplomatik təmaslar qurmaq, münaqişənin qızışmasına yol verməmək və məsələni sülh yolu ilə həll etmək olub. Lakin zaman göstərdi ki, bu institutlar real nəticə əldə etmədi, əksinə, münaqişənin süni şəkildə uzanmasına, Azərbaycan torpaqlarının işğal altında qalmasına şərait yaradıb.
Otuz ilə yaxın müddətdə müxtəlif görüşlər, bəyanatlar, guya “həll mexanizmləri” ortaya qoyulsa da, Minsk qrupunun fəaliyyəti mahiyyətcə formal və imitasiya xarakteri daşıyırdı. Azərbaycanın beynəlxalq hüquqla təsdiq olunmuş suveren hüquqları birmənalı şəkildə müdafiə olunmadı, əksinə, ikili standartlarla, balanslı mövqe adı altında təcavüzkara güzəştə gedilib. Bu illər ərzində Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya və Fransa) real vasitəçi mövqeyindən çıxış etmək əvəzinə, öz geosiyasi maraqlarını ön plana çəkərək, münaqişənin ədalətli həllini əngəllədilər.
2020-ci ildə Azərbaycan xalqı və ordusu tarixi Zəfərə imza ataraq torpaqlarını işğaldan azad edib, dövlətin suverenliyi və ərazi bütövlüyü bərpa olunub. 10 noyabr bəyanatından sonra isə faktiki olaraq Minsk prosesinin varlığı mənasız hala gəldi. Bu gün ATƏT-in Minsk Prosesi və ona bağlı strukturların rəsmi şəkildə bağlanması Azərbaycanın qazandığı Zəfərin beynəlxalq müstəvidə rəsmiləşməsi, haqq işimizin təsdiqi kimi qiymətləndirilməlidir. Bu qərar həm də onu göstərir ki, artıq regionda yeni siyasi reallıqlar formalaşıb, köhnə və nəticəsiz institutlara ehtiyac yoxdur. Azərbaycanın suverenliyi üzərində şübhə doğuran, münaqişənin guya “hələ də açıq qalması” kimi yanlış təsəvvür yaradan mexanizmlərin ləğvi həm siyasi, həm də tarixi baxımdan yeni mərhələnin başlanğıcıdır.
Xatırladaq ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı sentyabrın 1-də Minsk qrupunun ləğv olunduğunu açıqlayıb.
ATƏT-in Minsk qrupunun ləğvi işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və münaqişənin gələcəkdə təkrar alovlanmasının qarşısının alınması baxımından da önəmli rəmzi addımdır. Bu qərar Azərbaycanın qazandığı tarixi Zəfərin beynəlxalq miqyasda rəsmiləşməsi, haqq işimizin təsdiqi deməkdir.
Millət vəkili Elçin Mirzəbəyli Sherg.az-a açıqlamasında bildirib ki, Minsk prosesinin ləğvi ilə bağlı ATƏT-in Nazirlər Şurasının qəbul etdiyi qərar beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtələrindən biri hesab oluna bilər:

“Bu qərarla ATƏT-in Minsk Prosesi, onunla bağlı bütün təsisat və strukturlar, o cümlədən fəaliyyətdə olan sədrin şəxsi nümayəndəliyi, Yüksək Səviyyəli Planlaşdırma Qrupu və digər mexanizmlər ləğv edilmiş sayılır. Bununla da, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məqsədilə 1992-ci ildə təsis olunmuş uğursuz Minsk qrupu tarix səhnəsindən hörmətsiz bir şəkildə və tamamilə silindi. Bu hadisə təkcə Azərbaycanın diplomatik uğuru kimi deyil, həm də beynəlxalq sistemdə “donmuş münaqişələr”in idarə olunması modelinin iflasının təsdiqi kimi qiymətləndirilə bilər. Çünki Minsk qrupunun otuz illik fəaliyyəti, əslində, münaqişənin həllinə deyil, onun uzadılmasına xidmət edirdi.
Məlum olduğu kimi, Minsk qrupu 1992-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə vasitəçilik etmək üçün yaradılmışdı. Qrupun həmsədrləri olan ABŞ, Rusiya və Fransa özlərini qlobal güc mərkəzləri kimi təqdim etsələr də, praktiki olaraq tərəfsiz vasitəçi rolunu oynamadılar. Əksinə, hər biri regiondakı maraqlarını qorumağa çalışaraq prosesin ədalətli nəticələnməsinə mane oldular. Onların fəaliyyətinin əsas qüsurları qərəzli mövqedə, status-kvonu qoruma siyasətində, prinsipsizlikdə və uzunmüddətli nəticəsiz danışıqların təşkilində özünü göstərirdi. Fransa açıq şəkildə ermənipərəst siyasət aparırdı, Rusiya həm vasitəçi, həm də tərəf kimi davranırdı, ABŞ isə real həll mexanizmləri irəli sürməkdə maraqlı görünmürdü. Beləliklə, Minsk qrupu Azərbaycan üçün ədalətsiz və faydasız bir platformaya çevrilmişdi.
2020-ci ilin Vətən müharibəsində Azərbaycan işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bununla da, Minsk qrupunun mövcudluq səbəbi tamamilə ortadan qalxdı. 2023-cü ildə Ermənistan silahlı birləşmələrinin qalıqlarının Qarabağdan çıxarılması və separatçı rejimin buraxılması ilə Azərbaycan münaqişəyə tamamailə son qoydu. Bu reallıq beynəlxalq təşkilatlar tərəfindən də getdikcə qəbul edilməyə başladı. Azərbaycan haqlı olaraq, Minsk qrupunu açıq şəkildə “ölü format” adlandırırdı. 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanan birgə bəyanat isə bu istiqamətdə son mərhələ oldu. Tərəflərin ATƏT-ə göndərdiyi birgə müraciət əsasında Minsk qrupu rəsmən ləğv edilib”.
E.Mirzəbəylinin fikrincə, ATƏT-in bu qərarı Azərbaycanın diplomatiyası üçün mühüm nəticələr doğurur. Əvvəla, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və bununla da, münaqişəyə son qoyması reallığı beynəlxalq səviyyədə istisnasız olaraq tanınır. İkincisi, Bakı tərəfindən irəli sürülmüş normallaşma prosesinin və sülh gündəliyinin ATƏT səviyyəsində konsensusla qəbul edilməsi Azərbaycanın Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində göstərdiyi səylərin qəbul edilməsi anlamını verir:
“Üçüncüsü, Minsk qrupunun ləğvi vasitəçilik monopoliyasını hüquqi və prosedur baxımından da aradan qaldırır və Azərbaycanın regional proseslərdəki müstəqil mövqeyini daha da möhkəmləndirir.
Bu qərarın regional və beynəlxalq təsirləri də əhəmiyyətlidir. Cənubi Qafqazda artıq “köhnə münaqişə” yoxdur. İndi əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və kommunikasiyaların açılmasıdır.
Minsk qrupunun uğursuzluğu isə bütövlükdə ATƏT-in sülhməramlı missiyalarının ümumi effektivliyinə dair ciddi suallar doğurur. Bu o deməkdir ki, ABŞ, Rusiya və Fransa artıq bu format vasitəsilə regiona yön verə bilməyəcəklər.
Əgər de-fakto mövcud olduğu dövrdə Minsk qrupunun missiyası münaqişəni donduraraq Azərbaycanın maraqlarını boğmağa xidmət edirdisə, indi onun hüquqi baxımdan “dəfn edilməsi” Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə tam qələbəsinin rəsmi təsdiqidir. Bu, Azərbaycanın postmünaqişə dövrü diplomatiyasının uğurlu nəticəsidir. Bakı sübut etdi ki, öz maraqlarını təkcə güc vasitəsilə deyil, həm də diplomatik müstəvidə qorumaq iqtidarındadır. ATƏT-in qərarı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin qəti şəkildə tanınması deməkdir.
Beləliklə, Minsk qrupunun buraxılması ilə Cənubi Qafqazda uzun illərdir süni şəkildə saxlanılan qeyri-müəyyənlik dövrü başa çatdı. Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik cəhətdən tam qələbə qazandı. Bu gün artıq gündəlikdə sülhün möhkəmləndirilməsi, regional inteqrasiya və inkişaf perspektivləri anlayışları var. Azərbaycan Minsk qrupunun uğursuz vasitəçiliyinə son qoyaraq, həm regionun gələcəyini müəyyənləşdirən əsas aktora çevrildi, həm də beynəlxalq münasibətlərdə öz diplomatik iradəsini təsdiqlədi”.