- “Tehranla müsəlman dövlətləri arasında qarşılıqlı etimad problemi var”
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maleki “İslam NATO-su”nun yaradılmasını təklif edib.
Maleki açıqlamasında Qərbin NATO alyansına qarşı İslam ölkələrinin birləşməsinin vacib olduğunu bildirib. Onun sözlərinə görə, bir sıra İslam ölkələri belə bir ittifaqın yaradılması təklifini qəbul edib.
Millət vəkili İsrail və ABŞ-nin bölgədə həyata keçirdiyini “genişmiqyaslı cinayətləri” nəzərə alaraq, “İslam NATO-su”nun yaradılmasını İslam ölkələrinin ləyaqətini qorumaq üçün “qaçılmaz zərurət” adlandırıb. Deputat əlavə edib ki, İslam ölkələri arasında birlik və həmrəylik təmin olunarsa, ABŞ və İsrailin Fələstin, Livan və Yəməndə “cinayətlərini davam etdirməyə” cəsarət göstərməyəcək.
Siyasi ekspertlərin fikrincə, Malekinin təklifi İranın İslam dünyasında siyasi və təhlükəsizlik gündəminin formalaşdırılmasında daha fəal rol oynamaq istəyini əks etdirir. İran uzun müddətdir Fələstin məsələsini və İsrailə qarşı müqavimət mövzusunu xarici siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim edir. Lakin bu təşəbbüsün bütün müsəlman ölkələri tərəfindən eyni şəkildə qəbul ediləcəyi sual altındadır. Daha doğrusu, İslam dünyasında təhlükəsizlik məsələlərinə yanaşmalar fərqlidir. Bir sıra dövlətlər regional sabitliyi diplomatik danışıqlar, iqtisadi əməkdaşlıq və mövcud təhlükəsizlik tərəfdaşlıqları vasitəsilə təmin etməyə üstünlük verirlər.
Hərbi ekspert Ədalət Verdiyev Sherg.az-a açıqlamasında Malekinin müsəlman ölkələrinin “İslam NATO-su” adı altında birləşməsi ilə bağlı təklifini real hesab etmədiyini bildirib. Onun fikrincə, belə bir güc strukturunun yaradılması məhz İranın regional siyasəti və fəaliyyəti fonunda mümkün görünmür. Ekspert qeyd edib ki, ABŞ ilə son münaqişə zamanı İran ona zərbə endirən ABŞ və İsrailə qarşı deyil, məhz İslam ölkələrinə, o cümlədən Azərbaycan və Türkiyəyə cavab atəşləri açıb. Bu isə Tehranla müsəlman dövlətləri arasında qarşılıqlı etimad məsələsini gündəmə gətirir:
“İslam dünyasını parçalayan, təriqət məsələləri üzərindən ölkələr arasında davamlı olaraq təxribat və nifaq yaradan İranın belə bir təkliflə çıxış etməsi nə mənəvi, nə də siyasi baxımdan əsaslıdır. Əslində, İslam ölkələrini birləşdirən Məkkə sazişi artıq mövcuddur. Bundan əlavə, Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq formatında İslam ölkələri arasında əlaqələrin güclənməsinə xidmət edir. İslam Əməkdaşlıq Təşkilatı da bu istiqamətdə fəaliyyət göstərir. Lakin İranın bu məsələdə aparıcı rol oynaması və ya əsas söz sahibi olması qətiyyən mümkün deyil”.
Ə. Verdiyev bildirib ki, İranın hazırda İslam ölkələri arasında əməkdaşlıq etdiyi, müttəfiqlik münasibətləri qurduğu və ya strateji tərəfdaşlıq etdiyi bir ölkə belə yoxdur: “ Ölkə daxilində SEPAH ilə seçilmiş hakimiyyət arasında ciddi və dərin fikir ayrılıqlarının mövcud olduğu bir şəraitdə İranın “İslam NATO-su” ilə bağlı təklifləri tamamilə yersiz, əsassız və reallaşması mümkün olmayan təşəbbüsdür”.